Ucuz maşın almaq, yaxınını həbsdən qurtarmaq istəyənlərin


Digərləri 11 Avq 2018 23:32:00 257 0

Ucuz maşın almaq, yaxınını həbsdən qurtarmaq istəyənlərin

15 nəfərə qarşı dələduzluq etməkdə ittiham edilən şəxsin cəzası azaldılıb. O, ucuz maşın satmaq və həbsdə olan şəxsləri azadlığa çıxaracağını vəd edərək təkrar dələduzluq əməlləri törədib.

Son.az musavat.com-a istinadən bildirir ki, Cəfərov Anar Elman oğlu Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) , 178.2.2 (dələduzluq; təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda zərər vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama  görə Anar Cəfərov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Habelə şəxsi münasibətlərin pisləşməsi zəminində Bədirxanova Sakinat Siracəddin qızını qəsdən itələyib yerə yıxaraq sağlamlığa yüngül zərər vurub.

Belə ki, Anar Cəfərov ilk olaraq Süsən Həsənovaya qarşı dələduzluq edib. Onun həbsdə olan oğlunun barəsində olan cinayət işinin icraatına xitam verdirəcəyinə yalan vəd verərək 17500 manatını alıb.

Digər zərərçəkmiş şəxs Tutu Abbasovadan da həbs olunmuş oğlunu həbsdən azad edəcəyinə yalan vəd verərək 2335 manat alıb. Eyni yalan vədlə Elvin Abdullayevi də aldadıb. Onun həbs olunan qardaşını həbsdən azad edəcəyini deyərək 6500 manatını alıb.

İttihamdan görünür ki, A.Cəfərovun digər dələduzluq əməlləri avtomobil alış-verişi ilə bağlıdır. Belə ki, A.Cəfərov bir çox şəxsə ucuz qiymətə maşın alacağını deyərək beh olaraq onlardan pul alıb.

İlk olaraq Rahib Ağayevin etibarından sui-istifadə edib ona "Nissan Navara" markalı avtomobil alacağını vəd edib. Bu məqsədlə ondan 6000 manat alıb. Daha sonra Səbuhi Əliyevdən ona "Hyundai Sonata" markalı avtomobil alacağı vədi ilə 2490 manat, Azər Əsədovdan "Toyota" markalı avtomobil alacağı vədi ilə 3410 manat alıb.

Sakinat Bədirxanovadan ona "Niva" markalı avtomobil alacağına vəd verərək 2500 manatını alıb. Daha sonra şəxsi münasibətlərin pisləşməsi zəminində Sakinat Bədirxanovanı qəsdən itələyib və yerə yıxaraq ona xəsarət yetirib.

İttihamda göstərilir ki, bütün bunlar Azər Cəfərovun cinayət əməllərinin hamısı deyil. Bundan başqa o, Emil Abdullayevə ucuz qiymətə "Toyota Prado" markalı avtomobil alacağına vəd verərək ondan, 1300 manat alıb. Həmçinin İxtiyar Rəhmanovun maşın alacağını bilərək onu da aldadıb. İxtiyar Rəhmanova vəd verib ki, xaricdə dostları var və Bakıya çox ucuz qiymətə maşın gətirirlər. Bu yalanla da İ.Rəhimovun 16000 manatını ələ keçirib.

Faiq Əliquliyevə "Toyota Camry" markalı avtomobil alacağı adı ilə 1000 manat, Vüqar Heydərovdan ona "Toyota Camry" markalı avtomobil alacağına vəd verib və beh olaraq 600 manat alıb. Daha sonra Araz Əzimova "Niva" markalı avtomobil alacağını vəd verərək 900 manat, Musa İsrafilova "Toyota Prado" markalı avtomobil alacağını vəd verərək 1240 manat pul alıb. Saday  Qarayevə "Hyundai Elantra" markalı avtomobil satacağını vəd edərək beh olaraq 1850 manatını alıb.

Natiq  Məmmədova da ucuz qimyətə maşın alacağını deyərək onun 1400 manat məbləğində pulunu vahid niyyətlə tamah məqsədi ilə ələ keçirib.

Bütün bu əməlləri törətdiyini etiraf edən Azər Cəfərov vurduğu zərərin əksər hissəsini məhkəmə istintaqı dövründə geri qaytarıb.

Aldığı cəzanın yüngülləşdirilməsini istəyən A.Cəfərov apellyasiya şikayəti verib. İşə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

A.Cəfərov və vəkili aplellyasiya şikayətində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başqa cəza növü ilə əvəz edilməsini xahiş ediblər. Apellyasiya şikayətində qeyd edilib ki, məhkəmə onun ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almayıb, ona şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan sərt cəza təyin edilib.

Zərərçəkmişlər A.Cəfərovdan şikayətçi olmadığından apellyasiya şikayətinə qarşı etiraz etməyiblər.

Məhkəmə A.Cəfərovun şikayətini qismən təmin edib. Onun cəzası 3 il 2 aya endirilib.