Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı...


Digərləri 11 Avq 2018 23:20:00 301 0

Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı...

Alternativ tarix

Tarixdə hər bir hadisə müəyyən qanunayğunluq əsasında baş verir. Bəziləri bunların bir qismini təsadüf saysalar da, əslində dünyada təsadüf adlı bir şey yoxdur. Çünki hər şey öz axarında, öz ölçüsündə baş verir.

Dini düşüncəyə görə, bu axarı yönəldən, bu ölçünü yaradan qüvvə isə Allahdır. Hər şey Onun hikməti və məsləhəti əsasında baş verir. İnsan bunların bir qisminin səbəbini və faydasını anlayır, bir qisminin isə yox. İnsan bu hadisələrin bir qismi ilə razılaşır, bir qismi ilə yox. Bundan qətiyyən asılı olmayaraq, tarix yenə ilahi hikmət əsasında öz axarı üzrə davam edir.

Son.az islam.az-a istinadən bildirir ki, lakin hər birimizi ixtiyarsız olaraq, bu kimi suallar düşündürür: Əgər filan hadisə o cür yox, başqa cür cərəyan etsəydi, necə olardı? Filan hadisə baş verməsəydi, nəticəsi nə olardı? Filan proses baş tutmasaydı, ardınca hansı sonluqları gətirərdi? İnsanın təxəyyülü sonsuzdur və hər cür ssenarilər düşünməyə, onları öz xəyalında inkişaf etdirməyə qadirdir. Və bu təxəyyülün sayəsində hətta tarix elmində xüsusi bir bölmə də yaranıb: alternativ tarix. Bu bölmə məhz tarixin keçmişdə baş vermiş istiqamətlər üzrə deyil, fərqli istiqamətlərdə inkişaf etmə ehtimallarını araşdırır, mümkün ssenariləri təklif edir.

Aşağıda alternativ tarix qismindən bir yazını ixtisarla diqqətinizə təqdim edirik. Bu yazı Kornuoll Universitetinin (Böyük Britaniya) tarix və klassik filologiya üzrə professoru Barri S.Straussun qələminə məxsusdur. Alim bu yazıda müsəlman fəthlərinin İspaniya hüdudlarından kənara yayılmasının qarşısını alan məşhur Puatye savaşının (732-ci il) fərqli ssenarisi və nəticələri barədə düşüncələrini bölüşür. Həqiqətən, maraqlıdır: Əgər VIII əsrdə Avropanın içərilərinə doğru müsəlman yürüşünün qarşısı alınmasaydı, dünya necə olardı?

Müsəlmanlar Avropaya necə daxil oldular?

Avropada erkən orta əsrlər dövrü iki hadisə ilə əlamətdardır. Əgər bu hadisələrin hər biri başqa cür cərəyan etsəydi, dünya hissediləcək tərzdə dəyişərdi. Söhbət Qərbi Roma İmperiyasının süqutundan və müsəlman fütuhatından gedir. Əgər Roma Avropa üzərindəki ağalığını qoruyub saxlaya bilsəydi yaxud bu ağalıq müzəffər müsəlman imperiyasının əlinə keçsəydi, Avropa "zülmət əsrlər" (500-1000-ci illər) adlanan xaosa bürünməzdi...

Puatye yaxınlığında (732-ci il) franklar müsəlmanları məğlub etdilər. Döyüşün özü miqyasına görə Adrionopol savaşından (barbarlarla Roma İmperiyası arasında 378-ci ildə baş vermiş həlledici döyüşdən) daha kiçik idi. Amma onun psixoloji və siyasi nəticələri heç də yüngül olmadı. Birincisi, həmin gün o zamana kimi maneəsiz artmaqda olan müsəlman fütuhatına son qoyuldu. İkincisi, döyüşdə frank kralı Karl Martellin qələbəsi hakimiyyətdə baş verən sülalə dəyişikliyinə və hakimiyyətin Karl Martellin xələflərinin əlinə keçməsinə bəraət qazandırdı. Bir neçə onillikdən sonra Martellin nəvəsi, tarixə Böyük Karl (758-814) adı ilə düşmüş kral nəhəng dövləti idarə etməyə başladı. Bu dövlətin hüdudları daxilində gələcək Avropanın əsas cizgiləri müəyyən edildi. Gələcək Fransa ilə Almaniyanın sərhədləri cızıldı, vassallıq sistemi yarandı, universitetlərin bünövrəsi sayılan yeparxiya məktəbləri meydana gəldi. Əgər Puatye savaşında ərəb sərkərdəsi həlak olmasaydı, yəqin ki, franklar məğlub olacaqdılar. Bu halda böyük frank imperiyasını yaradacaq sülalə hakimiyyətə gəlməyəcək, Böyük Karlın imperiyasının yerini isə müsəlman Fransası və hətta bəlkə də birləşmiş müsəlman Avropası tutacaqdı...