Bakıda ölümlə bitən “razborka”nın təfərrüatı:


Digərləri 11 Avq 2018 13:49:00 275 0

Bakıda ölümlə bitən “razborka”nın təfərrüatı:

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki "Naxçıvan" kafesində bir nəfərin ölümü, digərinin yaralanması ilə bağlı silahlı insident olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində H.Abbasquliyev saxlanılıb. H.Abbasquliyevdən nömrəsi silinmiş "AKMS" markalı silah, 17 patron və 1 patron darağı maddi sübut kimi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hadisənin digər iştirakçıları da müəyyənləşib. Onların tutularaq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son.az xəbər verir ki, "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, hadisə gecə 10-da baş verib. "Kalaşnikov"la silahlanmış H.Abbasquliyev kafeyə daxil olaraq atəş açıb. Nəticədə 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyev və 1984-cü il təvəllüdlü Elxan Kərimov ağır yaralanıblar. Hər iki yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. N.Allahverdiyev orada ölüb, E.Kərimovun isə vəziyyəti qənaətbəxşdir.

İlkin araşdırmalar zamanı bəlli olub ki, N.Allahverdiyev əvvəllər Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkumluq həyatı yaşayıb. Qətli törətməkdə şübhəli bilinərək saxlanılan N.Allahverdiyev də Ramana qəsəbəsinin sakinidir. O da əvvəllər məhkum olunmuş şəxsdir. Əvvəllər Cinayət Məcəlləsinin 226-cı (radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunub.

H.Abbasquliyev bir müddət əvvəl Rusiyada həbsdən azad olunub. O, Rusiyada Federasiyası Cinayət Məcəlləsinin 105-ci - qəsdən adam öldürmə maddəsi ilə də həbsdə olub. Azad edildikdən sonra Azərbaycana qayıdıb. H.Abbasquliyevin kriminal avtoritet olması haqda da məlumatlar var. Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. 1986-cı il təvəllüdlü Babək və 1984-cü il təvəllüdlü Çingiz İsa oğlu Xudiyev qardaşdır. Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.