Əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində Latviya ilə əməkdaşlıq müzakirə olunub


Digərləri 10 Avq 2018 20:19:00 335 0

Əmək, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində Latviya ilə əməkdaşlıq müzakirə olunub

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəetmə və əhaliyə xidmət sistemlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsində Latviya ilə əməkdaşlığa xüsusi önəm verilir.

Son.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovsla nazirlikdə keçirilən görüşdə bildirib.

Nazir Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə sosial sahədə də mühüm nailiyyətlərin əldə edilməsinə, eyni zamanda əhaliyə xidmətlərin keyfiyyətcə yüksəldilməsində əhəmiyyətli addımların atılmasına imkan verdiyini diqqətə çatdırıb.

S.Babayev vurğulayıb ki, dövlət başçısının imzaladığı 9 avqust 2018-ci il tarixli Fərman da Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə xidmətlərin keyfiyyətcə yüksəldilməsində mühüm innovativ yeniliyin tətbiqinə əsas yaradıb. Fərmana əsasən qurulacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləri vasitəsilə həmin xidmətlərin eyni bir mərkəzdən "bir pəncərə" prinsipi üzrə operativ və şəffaf şəkildə təqdim edilməsi, vətəndaşların bu xidmətlərdən sadə prosedurlarla və rahat istifadə imkanlarına malik olması təmin ediləcək.