“Report”: Türkiyə iqtisadiyyatı azı 50 ildir ki, xaricdən asılı şəkildə böyüyür - ANALİTİKA


Digərləri 10 Avq 2018 17:21:31 221 0

“Report”: Türkiyə iqtisadiyyatı azı 50 ildir ki, xaricdən asılı şəkildə böyüyür - ANALİTİKA

Qonşu ölkədəki siyasi mühit uzunmüddətli və birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli deyil

“Türkiyə iqtisadiyyatı haqqında bədbin danışanlar peşman olacaqlar. Dünya həm iqtisadi, həm də siyasi baxından çalxalanır və türk lirəsinin dəyərdən düşməsinə baxmayaraq, ölkənin bir çox iqtisadi göstəriciləri müsbətdir. Türkiyəyə xarici valyuta daxil olmaqda davam edir”.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bunu İstanbul Ticarət Birjasının rəhbəri Əli Kopuz deyib.

Onun sözlərinə görə, son 1 ildə Türkiyədə işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb, ölkə iqtisadiyyatı 6,4% böyüyüb. Bu ilin I yarısında Türkiyədə 5 782 xarici sərmayəli yeni şirkət yaradılıb. Bu, illik müqayisədə 103,7% və yaxud təxminən 2 dəfə çoxdur. “Yəni, ölkəyə xarici valyuta axını var”, - deyə o, qeyd edib.

“Report”un analitik qrupu hesab edir ki, Türkiyə iqtisadiyyatının bugünki problemlərinin kökü azı yarım əsrdir ki, dəyişməyən ənənəyə gedib-çıxır. Qonşu ölkədə bir-birinin ardınca hakimiyyətə gələnlər iqtisadiyyatı daha çox böyütməyə çalışıblar. Bu isə Türkiyənin xaricdən asılılığını artırıb və ölkə bir böhrandan digərinə doğru gedir. Belə böhranlar ötən əsrin 60-70-ci illərinin sonlarında, eləcə də 1994-cü və 2001-ci illərdə də baş verib.

Bir sözlə, Türkiyə iqtisadiyyatı uzun illər xarici kreditlərin hesabına böyüyüb. Yerli şirkətlər daima ABŞ dolları və avo ilə xaricdən borc alıblar. İndi isə türk lirəsi kəskin ucuzlaşıb və iş adamlarının xaricə borcları kəskin artıb. Bu isə ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı narahatlıq yaradır.

Hazırda Türkiyənin xarici investisiyalara ciddi ehtiyacı var. Amma ölkədəki mövcud siyasi mühit uzunmüddətli və birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli deyil. Qısamüddətli “isti pul” kütləsinə bel bağlayan Türkiyə qlobal maliyyə bazarlarındakı ani dəyişiklik nəticəsində maliyyə mənbələrini itirmək təhlükəsi ilə üzləşir.

Bu gün Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 90 mlrd. ABŞ dollarına yaxındır. Bu isə ölkənin maliyyələşdirməli olan borcun təxminən yarısıdır. Bütün bunlar türk lirəsinə məzənnəsinə mənfi təsir edir.