Azərbaycan 9 milyard dollardan çox məhsul ixrac edib


Digərləri 10 Avq 2018 14:24:00 194 0

Azərbaycan 9 milyard dollardan çox məhsul ixrac edib

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 99 ölkəyə məhsul ixrac olunub, 158 ölkədən idxal olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 647,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 986,7 milyon dollar, idxalın dəyəri 4 milyard 660,3 milyon dollar təşkil edib, nəticədə 5 milyard 326,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,7 faiz, real ifadədə isə 2,6 faiz, o cümlədən ixrac 2,1 faiz, idxal 3,7 faiz artıb.

İxracın 22,0 faizini İtaliyaya, 8,2 faizini İsrailə, 7,5 faizini Türkiyəyə, 5,9 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,4 faizini Hindistana, hər biri 4,0 faiz olmaqla Kanada, Rusiya və Çexiyaya, 3,8 faizini Almaniyaya, 3,7 faizini Portuqaliyaya, 3,2 faizini Gürcüstana, 2,9 faizini ABŞ-a, 2,6 faizini Fransaya, qalan 18,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 16,3 faizi Türkiyə, 10,4 faizi Çin, 7,3 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 2,9 faizi İran, 2,5 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.