Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər:


Digərləri 09 Avq 2018 23:22:00 284 0

Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər:

Saxlanılan şəxsin atası Beyləqanda xəstəxanada psixiatr işləsə də, özü psixi çatışmazlıqdan əziyyət çəkir

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin (MTE və PA ETTB) Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov sui-qəsd cəhdinin qurbanı olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.

Qeyd edək ki, avqustun 7-də axşam saat 5 radələrində Fazil Bayramovun rayondakı kabinetinə yerli sakin, 1989-cu il təvəllüdlü Azadzadə Fariz Fazil oğlu daxil olub və əlindəki bıçaqla ekspertin üzərinə hücum çəkib.

Cinayətkar Bayramova bir neçə zərbə endirərək onu öldürməyə cəhd edib. Lakin ekspert imkan daxilində özünü qorumağa çalışıb. Şöbənin köməyə gələn əməkdaşları Bayramovu dəliyə dönmüş adamın əlindən güclə alıblar. Nəticədə hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib. Lakin Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tez bir zamanda onu saxlayıblar.

"Hazırda Bayramovun vəziyyəti sabitdir. Sinə nayihəsindəki yara dərin olduğundan, mümkün qanaxmanın qarşısını almaq üçün ola bilsin əməliyyat edildi. Zərərçəkmişin üzünə, boynuna, kürəyinə və əllərinə tikiş qoyulub. O, ekspertin otağına "Səni öldürəcəm!" deyə daxil olub" - deyə Ədalət Həsənov bildirib.

Həsənovun sözlərinə görə, saxlanılan şəxslə bağlı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 288.4 maddəsi (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə: bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) ilə cinayət işi açılıb. Mümkündür ki, bu maddəyə AR CM-nin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi də əlavə olunsun. Çünki cinayətkar öz məqsədini birbaşa bəyan edib. İş baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən nəzarətə götürülüb.