Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb


Digərləri 09 Avq 2018 18:11:00 228 0

Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan vətəndaşlarının yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilir. 

Vəkillər Kollegiyasından (VK) Son.az-a verilən məlumata görə, son zamanlar aparılan müşahidələr, o cümlədən VK-nın Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.

Bildirilib ki, belə hallar vətəndaşların və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərir: "Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı və Vəkillərin İntizam Komissiyası tərəfindən mübarizə üzrə tədbirlər davam etdirilməkdədir".