Paytaxta müasir və komfortlu avtobuslar gətiriləcək


Digərləri 09 Avq 2018 14:40:00 327 0

Paytaxta müasir və komfortlu avtobuslar gətiriləcək

"Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev deyib.

Onun sözlərinə görə, son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb: "Dövlət başçısının məlum sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, sərəncam Bakı Nəqliyyat Agentliyinin avtobus parkının yenilənməsi ilə bağlı başladığı işlərini daha da sürətləndirəcək. Bildiyiniz kimi, iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən müasir və komfortlu avtobusların alınaraq paytaxtımıza gətirilməsi təmin ediləcək. Və həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq".

M.Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib: "Əlbəttə ki, müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq".