Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə...


Digərləri 09 Avq 2018 13:23:00 231 0

Gizlicə evinə girdi, özünü yatdığı yerdə, anasını isə...

Lənkəran şəhərində qətl, quldurluq və digər ağır cinayət törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Nəriman Fatullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Nəriman Fatullayev tanıdığı və münasibətdə olduğu Lənkəran şəhərinin mərkəzi bazarında zərgərlik fəaliyyəti ilə məşğul olmaqla onunla eyni şəhərdə yaşayan "Zərgər Şükür" ləqəbi ilə tanınan Şükür Əhmədovun oğlu Şahin Əhmədovun külli miqdarda olan qızıl-zinət əşyalarını və digər əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə o, 4 iyun 2008-ci il tarixdə, saat 07 radələrində əvvəlcədən hazırladığı plana əsasən basqında istifadə etmək üçün nəzərdə tutulmuş silah qismində bıçaqla silahlanıb və maska taxaraq Şahin Əhmədovun yaşadığı Lənkəran şəhəri, Koroğlu küçəsi 71 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından içəri daxil olub.

Zərgər necə öldürüldü?

Nəriman Fatullayev evin bağlı vəziyyətdə olan giriş qapısının açılmasını gözləyib. Bu zaman Şahin Əliyevin anası Əzizənin qapını açaraq evin birinci mərtəbədə yerləşən mətbəxə düşməsindən istifadə edib və o, evin ikinci mərtəbəsinə qalxaraq eyvana daxil olub.

Nəriman Fatullayev orada çarpayıda arxası üstdə yatmış Şahin Əhmədovun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürmək üçün hücum edib, metal boru ilə başından və bədəninin digər nahiyələrindən vurub, sonra bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Şahin Əhmədov həmin zaman aldığı xəsarətlərdən ölüb.

Oğlunun köməyinə gələn anaya qarşı amansızlıq

Daha sonra o, qışqırıq səsinə köməyə gələn Əzizə Əliyevanı da yumruqla vurub. Bu zaman Əzizə onun başından maskanı çıxarmağa cəhd edib.

Nəriman Fatullayev törətdiyi cinayəti gizlətmək üçün öldürmək məqsədilə əlində olan bıçaqla Əzizə Əliyevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

"Pulya Nəriman" necə ələ keçdi?

Əzizə Əliyevanın qışqıraraq qonşuları köməyə çağırması səbəbindən tutulacağından qorxan Nəriman Fatullayev hadisə yerini tərk edib.

Əzizə Əliyeva vaxtında göstərilən tibbi yardımla sağ qalıb.

2008-ci ildə qətl törədən Nəriman Fatullayev uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. O, ötən ilin aprelinin 28-də həbs edilib. Nəriman Fatullayev cinayətkar aləmdə "Pulya Nəriman" ləqəbi ilə tanınır.

10 il sonra 8 maddə ilə ittiham

İstintaq orqanı tərəfindən Nəriman Fatullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.