Vahid endirim kartı


Digərləri 09 Avq 2018 13:15:00 298 0

Vahid endirim kartı

Bu yaxınlarda istənilən şəxs Bakıda vahid endirim kartı olan "Baku Card" alıb istifadə edə biləcək.

Bu barədə Son.az-a açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk şəhər kartı olan "Baku Card"ı əldə etmiş həm yerli əhali, həm də xaricdən gələn turistlərin muzey və mədəniyyət mərkəzlərinə girişi, eləcə də ictimai nəqliyyatdan istifadəsi ödənişsiz və ya endirimli olacağı gözlənilir. Bundan əlavə, "Baku Card" sahibləri ticarət və istirahət obyektləri - mağazalar, kafelər, restoranlar və s. yerlərdə müxtəlif endirimlər və xüsusi təkliflər əldə edəcəklər. Paketdə yer alan obyektlərin sayı çoxdur və getdikcə də genişlənəcək.

Agentliyin sözçüsü qeyd edib ki, bu kartlar istifadə müddətindən asılı olaraq müxtəlif cür və qiymətə olacaq: "Kartı alan şəxslər avtomatik olaraq nəzərdə tutulmuş xidmətlər paketini əldə edəcəklər. Bonus kartına bənzər bu kartın sahibləri müəyyən xidmətlərdən pulsuz, bəzilərindən isə güzəştli, endirimli istifadə edə biləcəklər. Məsələn, əgər kimsə 24 saatlıq kart götürsə və gün ərzində taksidən istifadə edərsə, kafe və ya restorana gedərsə, supermarketlərdə alış-veriş edərsə, onun üçün endirim olacaq. Paketə yalnız plastik kartlarla ödəniş edilməsi mümkün olan ticarət və xidmət obyektləri, şirkətlər qoşulur".