Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində


Digərləri 09 Avq 2018 12:55:00 248 0

Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk yeddi ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərib.

Aeroportun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur.

"Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster "Buta Airways" aviaşirkətinin payına isə 259 min sərnişin düşüb.

Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın, 12 faizi isə "Buta Airways"in payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçub.