Azərbaycan Beynəlxalq Bankının "Kitabı dinlə" sosial layihəsinin ilk kitabları səsləndirildi


Digərləri 08 Avq 2018 14:44:00 245 0

Azərbaycan Beynəlxalq Bankının "Kitabı dinlə" sosial layihəsinin ilk kitabları səsləndirildi

Azərbaycan Beynəlxalq Bankının 21 Fevral - Beynəlxalq Ana Dili Günü ərəfəsində start verdiyi "Kitabı dinlə" sosial layihəsi çərçivəsində ilk kitabların səsləndirilməsi başa çatdırılıb.

Audio formatında hazırlanmış əsərlər məxsusi olaraq bu layihə üçün yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin "Hekayələr"i, Sədi Şirazinin "Gülüstan" əsəri, Andre Moruanın "Yad qadına məktublar" romanı və "Çərşənbə gününün bənövşələri" hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını yükləyə bilər. 

Layihəyə xüsusi dəyər qatan əsas məqamlardan biri isə, təbii ki, kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. İlk mərhələdə kitabları üç iştirakçı  - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirib. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə "Kitabı dinlə" layihəsinin səslərini mükafatlandırıb. 

İştirakçılardan Sevda Səfərəliyeva fiziki məhdudiyyətli insanlarla bağlı indiyə qədər də müxtəlif sosial proqramlarda iştirakçı olduğunu, səsli kitablarla bağlı belə bir layihəyə isə ilk dəfədir ki, qatıldığını deyib: "Azərbaycan Beynəlxalq Bankının bununla bağlı elanını görəndə tərəddüdsüz müraciət etdim. Düşünəndə ki, oxuduğum hekayələri kimlərsə dinləyəcək, səsimlə oxunmuş hekayələr on illər qalacaq, bu, adamda xoş hisslər yaradır".