Əmlak idarəçiliyində tam elektronlaşma: media nümayəndələri üçün bu sahədə info-tur təşkil edilib (FOTO)


Digərləri 08 Avq 2018 13:13:33 269 0

Əmlak idarəçiliyində tam elektronlaşma: media nümayəndələri üçün bu sahədə info-tur təşkil edilib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi də bütün xidmətlərini tam olaraq elektronlaşdırıb.

Bakı. Ceyhun Ələkbərov - Əmlak Məsələləri Dövlət Komitəsi də bütün xidmətlərini tam olaraq elektronlaşdırıb. Trend-in məlumatına görə, komitənin elektron xidmətləri və tətbiq etdiyi maraqlı yeniliklər barədə avqustun 8-də “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda mətbuat nümayəndələri üçün info-tur təşkil edilib. Məqsəd mətbuat nümayəndələri vasitəsilə vətəndaşlara çağırış etmək və bu elektron xidmətlərdən maksimum istifadəyə dəvət etməkdir. Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı olaraq nümayiş edilib, onların iş prinsipi və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib. Jurnalistlər komitənin təqdim etdiyi 39 elektron xidmətlə tanış olub, bu xidmətlərdən istifadə qaydalarını canlı izləyiblər. Həmin xidmətlərin 26-sı daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 37-si interaktiv, 2-si isə informativ xidmətlərdir. Xidmətlərdən internet üzərindən E-emdk.gov.az portalına daxil olmaqla istifadə etmək mümkündür. Belə xidmətlər sayəsində əmlakla bağlı bütün əməliyyatları evdən və ya ofisdən çıxmadan həyata keçirmək mümkündür. Belə ki, elektron xidmətlər vasitəsilə dünyanın hər yerindən özəlləşdirmə hərracına qatılaraq dövlət əmlakına sahib olmaq, eləcə də daşınmaz əmlakı sənədləşdirmək və əmlak çıxarışını elektron qaydada almaq olar. Əhali və investorlar bu xidmətlərdən getdikcə daha çox istifadə etməyə başlayıblar. Artıq bu xidmətlərdən istifadə edənlərin sayı 800 minə yaxındır. Daşınmaz əmlakın qeydiyyatı prosedurlarını vətəndaşlar üçün sadə və əlçatan edən elektron xidmətlər istifadəyə verilib. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu elektron müstəvidə həyata keçirilir. Yəni, vətəndaşlar daşınmaz əmlaklarına dair çıxarışların alınması üçün sənədlərini və müraciətlərini onlayn göndərə bilirlər. Ən çox istifadə olunan xidmət “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi”dir. Bu xidmət vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları həyata keçirmək, əmlakla bağlı müxtəlif arayışları almaq daha da sadələşib. İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” elektron xidməti vətəndaşlar üçün olduqca əhəmiyyətlidir. Bildirilib ki, bununla yeni tikilən binalarda mənzil alanlar öncədən həmin binanın çıxarışının olub-olmamasını əvvəlcədən öyrənə bilirlər. Xidmət bu sahədə yaranacaq risklərin qarşısını alır, leqal əmlakların sayını artırır.