Meteor yağışı başlayıb


Digərləri 08 Avq 2018 02:30:00 290 0

Meteor yağışı başlayıb

Perseid meteor yağışı artıq başlayıb. Avqustun 11-12-də isə onun pik həddə çatacağı gözlənilir. Bu təbiət hadisəsini müşahidə etmək üçün heç bir astronomik cihaza ehtiyac yoxdur. Bu prosesi dağlıq ərazilərdə adi gözlə də müşahidə etmək olar. Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, asteroidlərin toqquşması, kometlərin parçalanması nəticəsində planetlərarası fəzada qaz və toz hissəcikləri yaranır. Bu toz hissəcikləri çox böyük sürətlə atmosferə daxil olduğu zaman sürtünmədən yanmağa başlayır. Biz adi gözlə baxdığımızda 3-5 saniyəlik işıqlanma müşahidə edirik. Bizə elə gəlir ki, sanki ulduz düşür. Amma ulduz düşməz. Bu müşahidə etdiyimiz hadisə meteor yağışıdır. Bəzi meteor cisimlərinin sürəti saniyədə 30-40 kilometr olur. Meteorların əksəriyyəti Yer atmosferinin 80-120 kilometrliyində alışır. 30-40 kilometr hündürlükdə isə toz şəklində atmosferə qarışaraq sönür.