Həzrət Mövla balaca uşaq ikən halal ilə haramı ayırmaq dərsini verdi


Digərləri 07 Avq 2018 21:10:00 271 0

Həzrət Mövla balaca uşaq ikən halal ilə haramı ayırmaq dərsini verdi

Son.az deyerler.org-a istinadən bildirir ki, Səyid ibni Abdullah Əşəri Əhli-Beyt (ə) davamçılarının tanınmış hədis deyənlərindən olmuşdur. O, nəql edir: "Əhməd ibni İshaqa çoxlu suallarım vardı və onun ardınca gedəndə məlum oldu ki, səfərə çıxmışdır. Dayanmadan yola düzəldim. Yolun ortasında ona rast gəldim və onunla görüşməyimin səbəbini söylədim. Dedim ki, həmişəki kimi sənə suallarım vardır. O, mənimlə görüşməkdən çox sevindi.

Mənə dedi: "Yaxşı ki, gəldim, yol yoldaşım olarsan. Mən İmam Həsən Əsgərini (ə) görmək üçün Samirraya gedirəm. Quranın təfsiri barəsində suallarım vardır. Bir yerdə gedək və suallarımızın cavabını tapaq. Çünki əgər Ağanın (ə) görüşünə girə bilsək, sonsuz qəribəliklər dənizinə düşəcəyik".

Elə ki Samirraya daxil olduq, birbaşa İmamın (ə) evinə tərəf yollandıq. İçəri girmək üçün icazə istədik və xidmətçilərdən biri bizi içəri apardı.

İçəri girən zaman elə bir gözəllik gördük ki, onu dillə təsvir etmək mümkünsüzdür. İmamı (ə) on dörd günlük Ay kimi parlayan və gözəl gördüm.

Qucağında əyləşən uşaq da özü kimi gözəl və nurlu idi. Saçları mübarək qulaqlarının üzərinə düşürdü.

Ağaya (ə) salam verdim, o, məktub yazmaqla məşğul olmasına baxmayaraq, mənə mehribanlıqla cavab verdi.

Əhməd ibni İshaq 160 kisə əmanəti ki, içərisində dirhəm və dinar var idi, Həzrətə (ə) verdi.

İmam Həsən Əsgəri (ə) üzünü uşağa çevirib buyurdu: "Oğlum! Əhli-Beyt (ə) davamçılarının hədiyyələrini təhvil al".

Uşaq danışmağa başladı və dedi: "Mənim ağam! Məgər layiqdirmi ki, bu pak əllərimi haram qarışmış bu mallara vuram?".

İmam Əhmədə buyurdu: "Ey İshaqın övladı! Kisədə olanları boşalt ki, oğlum halal ilə haramları ayırsın".

Balaca uşaq onları bir-birindən ayırdı və haram olanların səbəbini bəyan etdi.