Dövlət Agentliyinin adından dələduzluq edən qadın


Digərləri 07 Avq 2018 16:12:00 1727 0

Dövlət Agentliyinin adından dələduzluq edən qadın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin sabiq polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Leyla İsmayova və Ülviyyə Abdalovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ü.Abdalovanın növbəti dəfə prosesə gəlmədiyi elan olunub.

Ev dustaqlığında olan Ü.Abdalova məhkəmədə son sözlə çıxış etməli idi. Lakin onun bir neçə iclasa gəlmədiyi bildirilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarışa verilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı həmin şəxslərin məhkəmə zalında həbs edilməsini tələb etmişdi.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət əsasında "579 SSA" MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri törətmələri ilə bağlı araşdırma aparılıb.