“Evlərin arasına girdik...”


Digərləri 07 Avq 2018 13:58:00 268 0

“Evlərin arasına girdik...”

Ötən ilin oktyabr ayında ölkə gündəmini silkəyən - iki dustağın həbsdən qaçmasının detalları məlum olub. Xüsusu təyinatlı vaqondan qaçan dustaqlardan biri, Əli Ağami istintaqa ifadəsində hər şeyi etiraf edib. Digər dustaq Etibar Məmmədov isə saxlanılarkən polisə silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əli Ağami özünü qismən təqsirli bilib və yalnız qatardan qaçması ilə bağlı ittihamı qəbul edib:

"Biz qətldə ittiham olunaraq 7-8 dəfə Lənkərəna etap olunmuşduq. Məhkəməyə kimi mən Masallıda, Etibar Məmmədov Lənkəranda, Tahirlə Əfsər isə Astara, Biləsuvar və ya Cəlilabad polisinin Müvəqqəti Saxlanma Yerində qalırdı. Çünki bizim düşmən olduğumuzu hesab edirdilər, buna görə də bir yerdə saxlamırdılar. Oktyabrın 21-də Lənkəranda etap olunmaq üçün dustaqlarla birgə "Voronok"la xüsusi vaqona gətirildik. Vaqonda olan qarovul rəisi Ceyhun (Ceyhun Səmədov) adlı şəxs üzərimizə baxış keçirmədən bizi kameralara yerləşdirdi. Bir neçə saat sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu 8-ci kameraya apardı. Orada tanımadığım arıq bir qadın var idi, onun Etibarla xüsusi vaqonda getməsindən başa düşdüm ki, yaxın münasibətləri var. Ümumi məsələlərdən bir az söhbət edəndən sonra kamerama qayıtdım. Masallıya çatanda polis əməkdaşları məni təhvil alaraq polis şöbəsinə apardılar. Müvəqqəti saxlanma yerinin rəisi mənə dedi ki, "sən bu gün geri qayıdacaqsan". Səbəbini soruşduqda isə "keçən dəfə siz problem yaratmışdınız və bizə heç bir problem lazım deyil. Ona görə də sizi geri qaytarırıq" deyə cavab verdi. Çünki bir etap əvvəl bizlə birgə təqsirləndirilən Məhəmməd Heydərov məhkəmə zalında özünü lezva ilə doğramışdı və proses yarımçıq qalmışdı. Məhəmməd həmişə Etibara görə tutulduğunu deyirdi və onu harda görsə söyürdü. Buna görə də münasibətləri yaxşı deyildi, Məhəmməd ona kömək etməsini tələb edirdi, Etibar da kömək edəcəyini deyirdi". 

Dustaq Ə.Ağami qaçdıqları gün planı necə qurmaqlarından danışıb: "Həmin gün saat 17 radələrində məni yenidən vaqona qaytardılar, Etibarla Məhəmməd ordaydı. Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu, yol gedib gəlməkdən yorulduğumu dedim. Etibar dedi "istəyirsən deyim, gəl yumşaq döşəyin üstündə yat", mən də razılaşdım. Bir az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı, orada biz söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Onunla qaçmağı təklif etdi və "mən sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəyəm, amma mən sənə qaçmaqla kömək edə bilərəm" dedi. Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım. Etibarda mobil telefon var idi, kimlərləsə danışırdı. Mənə dedi ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar. Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər".