Heç bir din və dini quruma üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz
Digərləri 07 Avq 2018 12:56:00 287 0
Heç bir din, eləcə də dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz.
Son.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov "Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi" adı altında baş tutan VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşdə bildirib.
Xalqımızın tolerantlıq ənənələrindən, bu sahədə dövlət siyasətindən, eləcə də Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən söz açan Gündüz İsmayılov qeyd edib ki, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Azərbaycanda yüzlərlə müsəlman və onlarla qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını qeyd edən sədr müavini bütün dinlər və dini qurumların qanun qarşısında bərabər olduğunu deyib. O, vurğulayıb ki, heç bir din, eləcə də dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Gündüz İsmayılov bu baxımdan ölkəmizdəki dinlərarası harmoniyanın dünyada az rast gəlinən tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Dini dözümlülüyün başqaları üçün hüquqi norma, bizim üçünsə həyat tərzi olduğunu deyən sədr müavini bildirib ki, tolerantlıq xalqımıza görə mədəniyyət və mənəviyyat məsələsidir. O, ölkəmizdə tarixən mövcud olan bu cür yüksək mənəvi mühitin qorunub saxlanılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən nümunəvi dövlət-din münasibətlərinin mühüm rolu olduğunu diqqətə çatdırıb.
Təmsil etdiyi qurumun fəaliyyəti haqqında danışan sədr müavini bildirib ki, DQİDK hökumətin din siyasətini həyata keçirməklə yanaşı, dini qurumların dövlət qeydiyyatına alınması, onlara lazımi köməkliyin göstərilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə dini qurumlar arasında vasitəçilik kimi işləri görür.