Qadından AĞLAGƏLMƏZ ƏMƏLLƏR:


Digərləri 07 Avq 2018 11:08:00 269 0

Qadından AĞLAGƏLMƏZ ƏMƏLLƏR:

Transilvaniya - o vaxtkı Macarıstan krallığı, indiki Rumıniyanın ərazisi, öz əsrarəngiz tarixi, dəhşətli əsatirləri və əfsanələri ilə tanınır. Hesab olunur ki, məhz burada, öz məşum mülkündə vampir qraf Drakula da yaşayıb. Tarixdə 300-dən çox mötəbər, yazılı mənbəyə görə, bu ərazi, dünyaya gəlmiş-getmiş ən qəddar insanların məskəni olub.

Tarixin bu günü, 7 avqust 1560-cı ildə Transilvaniyada, ilahi gözəllik bəxş edilmiş, amma ağlasığmaz qəddarlığı ilə seçilən, təxminən 600 nəfər günahsız gənc qızı qətlə yetirən, demək olar ki, tamamilə ruhsuz bir qadın dünyaya gəlib - Yelizabet Batori.

Milli.az ən çox qətl törədən qadın kimi Ginnesin rekordlar kitabına düşən Yelizabet Batori haqda yazını təqdim edir:

"Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiqsən". (Yelizabet Batori haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan).

Bu qadın tarixə qanlı qrafinya adı altında düşə bilib. Pozğun qadının çoxlu məşuqları olub, ən tanınmışı isə rəssam Karavadjo hesab edilir. Yazılara görə, o, rəssam üçün yalnız bədənini satan qadın kimi yox, həm də əsl sevgi ilahəsi idi. Müasirlərinin xatirələrində qeyd olunanlara görə, Batori ilahi gözəlliyə malik idi, ölümünə qədər də gözəl qalır. Çünki, qrafinya qətlə yetirdiyi bakirə qızların qanında çimirdi. Onun qurbanlarının sayı təxminən 600 qadın olur, onların arasında adi qulluqçu və kəndlilərdən savayı, həm də nəcib nəslin nümayəndələri də var idi. 1611-ci ildə 50 yaşlı sadist qadını məhkəməyə çəkirlər. Onun ölümündən sonra 5 uşağı da harasa yoxa çıxır, bütün qızıl və torpaqları kralın əlinə keçir. Batori pozğun, 600 bakirənin qətlində günahkar, qaniçən qatil kimi tarixdə mənfi də olsa iz buraxa bilir. Macarıstanın özündə isə qadını vampir adlandırırlar. Hesab edirlər ki, o, öz əməllərinə görə qraf Drakuladan heç də geri qalmırdı.

Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizabet 7 avqust 1560-cı ildə, dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan olub. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb, hətta əmisi Polşa kralı idi.

Yelizabet çox zəkalı idi və o, hələ uşaq ikən macarca, latınca və almanca yazıb-oxumağı öyrənmişdi. Buna baxmayaraq, bütün ailəsi kimi Yelizabet də mənəvi dəyərlərilə yumşaq desək, seçilmirdi.

O vaxt təhsil medalının digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizabet Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi. Yelizabetin özündə belə, hələ uşaq ikən anormallıq hiss edilirdi. Onun dünyaya gəldiyi illərdə Osmanlı imperiyasında bir durğunluq, tənəzzül vardı. Gələcək qatil 6 yaşında ikən balaca qız övladını türklərə satmaqda günahlandırılan bir qaraçının tükürpərdən edamının şahidi olmuşdu. Bu edam səhnəsi Yelizabetin daxilində güclü bir iz buraxmışdı.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətdəki nifaq, çəkişmələr, qətllər və amansız qırğınlar onun böyüməsinə mənfi təsir göstərmişdi: gözünün qabağında insanları tonqallarda yandırır, qaynayan qatranda diri-diri bişirir, şişlərə keçirirdilər. Bütün bunlar uşağın ətraf aləmi idi. Bəlkə də buna görə uşaq yaşlarından onda qəzəb tutmaları müşahidə olunmağa başladı: o, ayaqları ilə qulluqçunu əzə, ölümcül şallaqlaya bilərdi.

12 yaşında ikən hamilə qalır. Onun dünyaya gətirdiyi qızı bir kəndliyə verirlər və bu barədə ömrünün sonuna kimi susmasını tapşırırlar. Körpənin sadə atasını işgəncə verərək öldürürlər. Və 1575-ci ildə 10 yaşından nişanlı olduğu barona ərə verirlər. Bu şəxs, o dövrdə Osmanlılara qarşı savaşlarda olduqca qəddarcasına mübarizə aparan və ələ keçirdiyi əsirləri işgəncələrlə öldürməklə ad çıxaran və "qorxulu beşli" ləqəbli Ferencz Nadasdu idi. Evliliklərinin ilk 10 ilində uşaqları olmadı. Amma sonra 5 uşaqları dünyaya gəldi. Ferencz daim döyüş meydanlarında olurdu. Qəsrdə tək qalan Yelizaveta xalası Klara kimi xidmətçilərə işgəncə verməyə və bundan həzz almağa başladı. Ən çox gənc qızlara əzab-əziyyət verirdi və bundan xüsusi zövq alırdı. Sonra cadugərlərdən Doroti (Dorothea) ilə tanış oldu və onun dedikləri ilə hərəkət etməyə başladı.