"Report": İranda dolların məzənnəsinin sabit olmaması müvəqqətidir - ANALİTİKA


Digərləri 07 Avq 2018 10:21:17 157 0

"Report": İranda dolların məzənnəsinin sabit olmaması müvəqqətidir - ANALİTİKA

Qonşu ölkənin neft gəlirlərinin artması Amerika valyutasının qiymətini tədricən sabitləşdirəcək

İranda ABŞ dollarının rəsmi məzənnəsi 4 250 tümən (42 500 rial) olsa da, “qara bazar”da qiymət 10 min tüməndən (100 min rialdan) çoxdur.

“Report”un analitik qrupu xatırladır ki, İranın milli valyutasının dəyərdən düşməsinin arxasında bu ölkənin ABŞ-la əldə etdiyi nüvə razılaşmasından geri çəkilməsi dayanır.

Baxmayaraq ki, ötən illə müqayisədə İranın neft gəlirləri 70-80% artıb. İslam Respublikası rəsmiləri bunu ölkədə iqtisadi böhranın olmamasına sübut kimi göstərirlər və milli valyutanın dəyərdən düşməsini sırf siyasi amillərlə izah edirlər.

ABŞ Prezidenti Donald Tramp İranın gəlir mənbələrinin bağlanması üçün bu ölkə ilə ikitərəfli ticarət əlaqələri olan ölkələrə embarqo qoyulmasını tələb edir. Həmin ölkələrdən biri isə Türkiyədir ki, İran neftinin əsas alıcılarındandır.

“Report”un analitik qrupu hesab edir ki, rəsmi Ankara Vaşinqtonun təzyiqlərinə baxmayaraq İrandan neft idxalını davam etdirəcək. Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlunun bəyanatı da bunu deməyə əsas verir.

“İran kimi bir ölkənin tamamilə küncə sıxışdırılması və təcrid edilməsi doğru deyil. Bu, hətta çox təhlükəlidir, risklidir, regionun təhlükəsizliyinə əngəldir. Bizə görə İrana qarşı qəbul olunan bu qərarların heç bir əsası yoxdur və bunun doğru olmadığı qənaətindəyik”, – deyə o, qeyd edib.

ABŞ-ı İrana qarşı siyasətində aqressivləşdirən əsas amillərdən biri bu ölkənin xarici ödənişlər məqsədi ilə dollardan imtina etməsi, əvəzində avrodan istifadə etməsidir. Bu il, aprelin 16-da Türkiyə və İran arasında 3-cü dövlətin puluna ehtiyac olmadan ödəniş həyata keçirilib. Həmin vaxt İran Mərkəzi Bankının İctimaiyyətlə əlaqələr departamentindən bildirmişdilər ki, bu addım iki ölkə arasında ticarət və bankçılıq işlərini rahatlaşdıracaq, valyuta riskini isə azaldacaq.

“Report”un analitik qrupu hesab edir ki, İranda dolların məzənnəsinin sabit olmaması müvəqqətidir. Ölkəyə daxil olan neft pulları Amerika valyutasının qiymətini tədricən sabitləşdirəcək. ABŞ-ın İrana qarşı istifadə etdiyi üsullar isə təzə deyil, bəzən onun Avropadakı müttəfiqlərinə qarşı da yönəlir.