Zorakılıq baş verdikdə... Araşdırma


Digərləri 06 Avq 2018 23:25:00 251 0

Zorakılıq baş verdikdə...  Araşdırma

Ekspert deyir ki, uşaqlarla böyüklər arasında hüquqların təminatı baxımından ziddiyyət yaranarsa, uşaqların üstün mənafeyi nəzərə alınmalıdır 

Uşaqların valideynləri, dayələri tərəfindən "tərbiyə etmək" adı altında döyülməsi hallarına tez-tez rast gəlirik. Dəfələrlə bu barədə yazılsa da, müzakirə olunsa da, problemin həllinə nail ola bilmirik. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə kampaniyalar keçirsək də, sosial şəbəkələrdə statuslara mövzu olsa da, yenə də gözümüzün önündə uşaqlar döyülür, zorakılığa məruz qalır, küncə qoyulmaqla "tərbiyə" edilir.

Qanunvericilikdə uşaqlara cismani cəza birmənalı şəkildə qadağan edilsə də, yenə də hüquqlarını müdafiə edə bilməyən balacalara valideynləri, dayələri, müəllimələri tərəfindən təzyiqlər olunur. "Kids Studio" özəl bağçasında uşaqların döyülmə hadisəsi ilə bağlı yayılan videolar son günlər məsələni yenidən gündəmə gətirdi. Hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən şiddətlə qınandı, lakin "Biz də döyülərək böyüməmişikmi?", "müəllimin uşağı döyməsində heç bir qəbahət yoxdur", "Məsələni şişirtməyin, bu, sadəcə tərbiyə metodudur" deyənlər də az deyildi.

Bəs uşaqların hüquqlarını qorumaq, onların cəmiyyətin aqressiyasından müdafiə etmək üçün nə etməliyik?

"Gözləməməliyik ki, uşağa kimsə cəza versin, sonra cəzalandıraq"

Son.az bildirir ki, Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı "Kaspi"yə açıqlamasında aparatın Milli Məclisə təklif etdiyi "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanun layihəsindən danışdı. Həmsöhbətimizin sözlərinə görə, bu layihənin qəbulu uşaqların hüquqlarının pozulması ilə bağlı bir çox problemləri aradan qaldıra bilər: "Uşaq hüquqları haqqında ümumi normalar "Uşaq hüquqları haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində və digər normativ hüquqi aktlarda təsbit olunub. Yəni, bunu törədən hər hansı bir şəxs qanun qarşısında məsuliyyət daşıyır. Amma bizim təklif etdiyimiz layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə, cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır. Cismani cəzalara məruz qalan uşaqların hüquqlarının müdafiəsi, onlara sosial-psixoloji yardımın göstərilməsi, uşaqlara qarşı törədilən cəzaların səbəbləri, buna şərait yaradan halların aradan qaldırılması, ümumiyyətlə, cismani cəzalara məruz qalma riskinin aradan qaldırılması məsələləri layihənin əsas prinsiplərindəndir".

Aparat rəhbəri deyir ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə təqdim etdiyi tövsiyələrdə məişət zorakılığının qarşısının alınması haqqında qanun müsbət hal kimi qeyd edilir. Amma eyni zamanda ölkəmizdə bütün məkanlarda, bura ev şəraiti də daxildir, cismani cəzanın bütün növlərindən istifadə edilməsini birmənalı şəkildə qadağan edən qanununun qəbul edilməsini tövsiyə edirlər. Çünki bizim qanunvericilik uşaqlara qarşı istənilən zorakılıq hallarını qadağan etsə də, konkret hansısa məkanlar göstərilməyib. Qanunun qəbul olunması artıq istər dövlət, istərsə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə birgə fəaliyyətinə imkan yaradar ki, bu zaman səmərəli nəticə əldə edə bilərik. Biz gözləməməliyik ki, uşağa kimsə cəza versin, sonra cəzalandıraq. Bizim məqsədimiz odur ki, uşağa cismani cəza yaradan hallar aradan qaldırılsın, belə halların qarşısı alınsın".

"Uşaqların mənafeyi nəzərə alınmalıdır"

Beynəlxalq ekspert Munir Məmmədzadə də bizimlə söhbətində  Azərbaycan qanunvericiliyində uşaq hüquqlarının hüquqi təminatlarının öz əksini tapdığını vurğuladı. Lakin, həmsöhbətimiz deyir ki, uşaq hüquqları haqqında qanun "çərçivə qanun" olduğu üçün müəyyən prinsipial məqamlar burada öz əksini tapmayıb: "Uşaqlara qarşı zorakılıqdan danışanda, qanunvericilikdə xüsusi məqamların da öz əksini tapması yaxşı olardı. Məsələn, Azərbaycanda uşaqlara qarşı cismani cəzanın qarşısının alınması haqqında qanuna ehtiyac var. Bundan əlavə, Yuvenal Ədliyyə Haqqında qanunu təbliğ edirik. İstənilən qanunvericilikdə inzibati, yaxud hüququ təminatları nəzərdən keçirəndə, dövlət, uşaqların ən ümdə maraqlarını baş prinsip kimi qeyd etməlidir. Əgər uşaqlarla böyüklər arasında hüquqların təminatı baxımından ziddiyyət yaranarsa, uşaqları üstün mənafeyi nəzərə alınmalıdır".