Azərbaycanda aktiv turizm paraşüt, paraplan və xizəkçilik FOTO


Digərləri 06 Avq 2018 21:25:00 427 0

Azərbaycanda aktiv turizm  paraşüt, paraplan və xizəkçilik  FOTO

Hazırda turizmin bir neçə növünü birləşdirən kombinə edilmiş turlar getdikcə daha geniş yayılır. Məsələn, çimərlik istirahətini aktiv turizmin piyada gəzinti, velosiped sürmək, dağlara asanlıqla qalxmaq, balıq tutmaq və digər növləri ilə birləşdirmək olar.

Son.az AZƏRTAC-a istinadən Azərbaycanda aktiv turizmin daha geniş yayılmış növləri ilə tanış edir.

Səmada aktiv istirahət

Paraşüt. Son samanlar paraşütlə tullanma Azərbaycanda getdikcə populyarlaşır. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) çərçivəsində fəaliyyət göstərən bir neçə ixtisaslaşmış klub ("Gilavar", "RockStone", "Ekoturist") paraşütlə tullanma eyforiyasını yaşamaq istəyənlərə kömək edəcək. Onlar sizin təcrübənizdən və yerin relyefindən asılı olaraq müxtəlif tullanma növləri təklif edə bilərlər. Yeni başlayanlar üçün təkbaşına və təlimatçı ilə birgə tullanma variantları var. 

Paraşütlə tullanma əməliyyatları əsasən Bakıdan 394 kilometr məsafədə yerləşən Balakən Aviasiya Mərkəzində yerinə yetirilir. Burada tez-tez beynəlxalq yarışlar da keçirilir.

Klublar əvvəlcə Bakıda paraşütlə tullanma həvəskarlarından ibarət qrup toplayır və onu Balakəndəki mərkəzə göndərir. Burada 3-5 saat davam edən nəzəri və praktiki hazırlıq keçdikdən sonra paraşütlə tullanmaq olar.

Paraplan. İdarəolunan paraşütü xatırladan paraplanla uçuş aktiv istirahət həvəskarları və romantiklər üçün heyrətamiz və həyəcanverici hədiyyə olacaq. Bu, həmçinin ətrafı quş uçuşu yüksəkliyindən görmək və lentə almaq üçün əla fürsətdir.

Təlimatçı ilə birlikdə səmaya qalxmaq daha təhlükəsizdir. FAIREX-ə daxil olan bir neçə klub paraplanla uçuş həyata keçirir. Onların arasında "Gilavar", "RockStone", "Climb Club" və digərləri var. Bundan başqa, bu yaxınlarda Qusardakı "Şahdağ" Turizm Mərkəzində də təlimatçı ilə birlikdə paraplanla uçuşlara başlanılıb. Siz burada quş uçuşu yüksəkliyindən valehedici dağ mənzərələrini görə bilərsiniz.

Bir qayda olaraq, uçuşun start nöqtəsi Azərbaycanın çoxsaylı təpələrindən birinin ətəyində yerləşən yüksəklikdən başlanır. Məsələn, Bakı-Şamaxı trasının 30 və 60 kilometrliyi arasındakı hissədə, Zaqatala, Qusar və başqa rayonlarda paraplanla uçuşlar yerinə yetirilir.

Peşəkar təlimatçı tərəfindən idarə olunan paraplan 20-30 dəqiqə uçduqdan sonra təyin olunmuş nöqtədə rahat eniş həyata keçirir.

Paraplanı müstəqil idarə etmək üçün sizin lisenziyanız olmalıdır. FAIREX-in klublarında müvafiq təlimlər keçirilir və onların yekununda paraplanı müstəqil idarə etmək üçün lisenziyalar verilir.

Siz, həmçinin motoparaplan - mühərriklə təchiz edilmiş və uçuş zamanı geniş manevr imkanı verən paraplanla da uça bilərsiniz.


Xəbərə aid fotolar