Oqtay Mirqasımovun davası, Rəqsanəyə məsləhət, Mətanətin gəlini, tumanını yelləyən aşıq


Şou-biznes 06 Avq 2018 21:00:00 329 0

Oqtay Mirqasımovun davası, Rəqsanəyə məsləhət, Mətanətin gəlini, tumanını yelləyən aşıq

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (183-cü say) təqdim edir.

Ötən həftə bir nəfər oxucu yazıb ki, fotodakı noutbuku istehsal edən çoxdan rəhmətə gedib, dəyiş onu. Həmin oxucuya deyim ki, elə bu yazı da həmin noutbukda yazılır. Əziz oxucum, siz nə vaxt yenisini hədiyyə etdiniz, mən yox dedim? Təbii ki, zarafatdır. Yazılan bütün şərhləri diqqətlə oxuyuram və hamınıza təşəkkür edirəm. Tənqid etdiyim sənətçilərin yazdırdığı şərhlərin müəlliflərini isə hər zaman xüsusi yad edirəm. İndi də keçək mövzulara...

Dava-dalaşı əvvəl cavanlar edərdi, indi yaşlı sənətkarlar da onlara qoşulublar. Əslində, bəlkə də elə bu "adət" köhnələrdən qalıb, sadəcə, necə deyərlər, üzdə görünən cavanlar olduğuna görə hamımız onları qınayırıq. Xalq artisti Oqtay Mirqasımovla əməkdar incəsənət xadimi Yavər Rzayev Kino günü ilə bağlı keçirilən tədbirdə dalaşıblar. Oqtay müəllim açıqlama verib ki, zarafat edirdik, Yavər müəllim isə bildirib ki, anlaşılmazlıq yaranmışdı. Görürsünüzmü, açıqlamalar necə üst-üstə düşür? Hələ Oqtay müəllim jurnalistə deyib ki, belə xırda işlərə baş qoşmağa vaxtı yoxdur. Düz deyir. Onun daha böyük işləri var. Məsələn, bildiyimə görə, Mədəniyyət Nazirliyinin kino şöbəsinin müdiri Cahangir müəllimi əzişdirib. Babalı deyənlərin boynuna, mən də qulaq günahkarıyam.

Rəqsanənin qızı Aysun deyib ki, Röya Ayxan arada zəng vurub mənə məsləhətlərini verir. Yəqin ki, Aygün Kazımova da yığıb Rəqsanənin özünə məsləhətlərini əsirgəmir. Nə deyim, vallah. Elə çox güman ki, Röya Aysunun klip təqdimatına da ona görə gəlməyibmiş. Deyib ki, onsuz da hər gün məsləhət verirəm də, təqdimata niyə gəlim ki?