Pirşağıda mağazaya basqın edən şəxsə hökm oxunub


Sosial 06 Avq 2018 16:43:12 321 0

Pirşağıda mağazaya basqın edən şəxsə hökm oxunub

O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Şahin Bədəlovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Ş.Bədəlovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, quldurluq hadisəsi Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. Bakı şəhər sakini Sərdar Məmmədova məxsus mağazaya gələn naməlum şəxs onun 100 manatını alaraq hadisə yerindən qaçıb.

Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bədəlov tutulub.

O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsi ilə ittiham olunub.