Deputat Elmira Axundovanın oğlu məhkəmədə ifadə verdi


Digərləri 06 Avq 2018 16:37:00 209 0

Deputat Elmira Axundovanın oğlu məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindiriləcəyi elan olunub.

Lakin zərərçəkmiş Fərman Məmmədovun vəkili buna etiraz edib. O söyləyib ki, məhkəmə heyəti prosesin ədalətli şəkildə araşdırılmasında maraqlı deyil. Müdafiəçi qeyd edib ki, məhkəmədə prosessual pozuntular həddən artıq çoxdur. O, buna görə məhkəmə tərkibinə etiraz edib və hakimlərin dəyişdirilməsini istəyib. Vəkil etirazını məhkəməyə yazılı şəkildə də təqdim edib.

Hakim bildirib ki, etiraz zərərçəkmiş F.Məmmədovun adından yazılıb. Vəkil isə vurğulayıb ki, F.Məmmədovun nümayəndəsi olduğu üçün vəsatəti onun adından yazıb.

Digər zərərçəkmişlər də vəsatətin təmin olunmasını tələb ediblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra deputat Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkmiş qismində yenidən ifadə verib. O, əvvəlcə bir neçə dəqiqəlik çıxış etmək istədiyini bildirib. O deyib ki, zərərçəkmiş F.Məmmədov onun və anası E.Axundovanın adından mətbuata qərəzli, iftira, şantaj və montaj olunmuş məlumatlar ötürür.

H.Axundovun sözlərinə görə, zərərçəkmiş şəxslər - Şahin Məhərrəmov və Sabir Ağayev F.Məmmədov tərəfindən bu cinayət işinə qoşulduqlarını etiraf ediblər: "Şahin məndən şikayət edəndə ona zəng vurdum. Onu daha əvvəl tanımamışam. Ofisimə çağırdım, danışdıq. Onun Fərmana 3 min borcu olduğunu dedi. Buna görə də Fərmanın istəyi ilə şikayət edib. Məndən 3 min borc istədi ki, Fərmana versin və onun tələblərindən canını qurtarsın. Mən də ona borc verdim. Şahin məndən şikayətinin olmaması ilə bağlı notariusda sənəd verdi. Onunla aramızdakı görüş mənim ofisimdəki kameraya da düşüb. Həmin görüntünü də sizə təqdim edirəm. Həmçinin Sabir Ağayev də məndən şikayət edəndə onunla görüşdüm. Sabir bildirdi ki, borcu, kreditləri var və buna görə də Fərmanın dedikləri ilə razılaşıb. Sabir mənə pul verməyib. O, məndən şikayətçi olmaması ilə bağlı da notariusdan sənəd verib. Onu da məhkəməyə təqdim edirəm".

H.Axundov daha sonra F.Məmmədovun şəxsi fəaliyyəti ilə bağlı danışmaq istəyib.

Hakim isə bu məsələlərin araşdırılan işlə əlaqəsinin olmadığını deyib.