Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb


Digərləri 06 Avq 2018 10:42:00 243 0

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Bugündən etibarən 2018-2019-cu tədris ili üzrə "ASAN peşə" layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb.

Son.az report-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi və "ASAN xidmət"in birgə həyata keçirdiyi "ASAN peşə" layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət" mərkəzlərində aparılacaq.