Əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı təkliflər hazırlanır


Digərləri 06 Avq 2018 10:33:00 200 0

Əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqi ilə bağlı təkliflər hazırlanır

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub.

Bakı. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq həyata keçirilən islahatların mühüm bir istiqaməti əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin tam şəffaflaşdırılmasına yönəlib: "Bu məqsədlə nazirlikdə yaradılan İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə müvafiq işlər aparılır. Həmin işlərdən biri kimi, artıq cari ilin ikinci rübü üzrə də risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır. Eləcə də əlilliyin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilmiş göndərişlərin araşdırılması davam etdirilir. Bu dövr üzrə araşdırmalarda da yanlış əlillik təyinatları, həmçinin əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunub". S.Babayev əlilliyin qiymətləndirilməsi zamanı bəzən müşahidə olunan süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini deyib. O bildirib ki, bir çox hallarda göndərişin düzgün tərtib olunmaması səbəbindən əlilliyin qiymətləndirilməsi mümkün olmadığı üçün əlilliyin təyin olunmasından imtina qərarı verilir və belə hallarda göndərişin düzgün tərtib olunmaması barədə aidiyyəti səhiyyə müəssisəsinə də məlumat verilməlidir.