Türkiyə Super Kubokunun sahibi müəyyənləşdi


İdman 06 Avq 2018 09:47:00 232 0

Türkiyə Super Kubokunun sahibi müəyyənləşdi

Türkiyə Super Kuboku uğrunda çempion Galatasaray və ölkə kubokunun sahibi Akhisarspor komandaları arasında oyun keçirilib.

Goal.az-ın məlumatına görə, Konya Böyükşəhər Bələdiyyəsinin stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beşinci dəqiqədə Akhisarspor-dan Yevgeni Seleznyov hesabı açıb. 79-cu dəqiqədə Eren Derdiyok bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "sarı-qırmızılar"dan Batefimbi Qomis zərbəni dəqiq yerinə yetirməyib. "Akhisarspor" isə bütün penaltilərdən yararlanaraq, 5:4 hesablı qələbə qazanıb.

Beləliklə, Fatih Terim Galatasaray-ın sükanı arxasındakı 400-cü matçından məğlub ayrılıb. Akhisarspor-un yeni baş məşqçisi Saffet Suşiç isə debüt oyununda kluba tarixində ilk dəfə kubok qazandırıb.

Bu matçda Türkiyə futbolu tarixində ilk dəfə VAR sisteminə müraciət olunub. 44-cü dəqiqədə Qari Rodriges Dani Nunkeunu keçmək istərkən yerə yıxılıb. Baş hakim Cüneyt Çakır Nunkeuya sarı vərəqə göstərib. Lakin Galatasaray vərəqənin qırmızı olmasını tələb edib. Bu zaman epizodu yenidən izləyən Çakır qərarının doğru olduğu qənaətinə gəlib.