Doğuşdan sonra körpəyə verilən "ağuz südü"...


Digərləri 06 Avq 2018 04:30:00 332 0

Doğuşdan sonra körpəyə verilən "ağuz südü"...

Həzm orqanlarının patologiyasının uşaq yaşlarda erkən diaqnostikası və vaxtında müalicəsi insanın uzunömürlülüyü, sağlamlığı və əmək qabiliyyətinin qorunub saxlanılması baxımından çox vacibdir. Bu səbəbdən körpələrin təbii yolla, xüsusilə iki yaşadək ana südü ilə qidalanması hər dövrdə öz aktuallığını qoruyur.

Dünya Səhiyyə Təşkilatının vurğuladığı ana südü ilə qidalanmanın əhəmiyyəti hələ VII əsrdə nazil olan "Qurani-Kərimdə" öz əksini tapıb.

Ana südünün bioloji əhəmiyyəti tibb elminə çoxdan məlumdur. Araşdırmalara görə, təbii üsulla bəslənən uşaqlarda xəstələnmə və ölüm göstəriciləri süni qidalanan körpələrə nisbətən əhəmiyyətli dərəcədə aşağıdır. Təbii doğuşdan sonra ilk 30 dəqiqədən 6 və ya 10 saatadək uşağa verilən "ağuz südü" və ya "moloziva" orqanizmdə anadan uşağa keçən passiv immunitetin əsasını qoyur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.

Pediatr deyib ki, ana südündə saprofit və enteropatogen bakteriyaların-eşerexiya, şigellu, enterovirus, kokk florasına qarşı antitellər, həmçinin qeyri-spesifik müdafiə faktorları-mikrofaqlar, lizosim aşkar olunub: "Ana südündə olan sekretor İmmunoqlobin A uşaqlarda infeksiyanın qarşısını alan ilk müdafiədir. Bundan əlavə, ana südünün emfositlərinə nəzər salsaq görərik ki, bir millilitr molozivada 0,5-10 milyon hüceyrə var. Onlar mədə-bağırsaq traktına düşəndə bağırsağın yerli immunitetini təmin edirlər. Ana südü qəbul edən uşaqlarda beynin qabıq analizatorlarının yaxşı yetişməsi və inkişaf etməsi səbəbindən daha çox hərəki aktivlik müşahidə olunur. Uşaq ana südü qəbul edən zaman onda impritinq deyilən hissiyyat yaranır ki, bu da uşaq və ana arasında ömür boyu qalır və körpənin gələcək davranışına öz təsirini göstərir".

G.Cavadova qeyd edib ki, ananın sağlamlığı ilə yanaşı ilin fəsilləri və xroniki xəstəliklər də ana südünün keyfiyyətinə təsir edir. Analar öz süd vəzilərinin gigiyenasına diqqət yetirməlidirlər. Süd vəzilərində mastopatiya, çatlar olmasın deyə əmizdirmədən əvvəl və sonra süd vəziləri yaxşı yuyulub silinməlidir.


Xəbərə aid foto