Ofis geyimi necə olmalidir?


Digərləri 05 Avq 2018 23:35:00 429 0

Ofis geyimi necə olmalidir?

Fatma xala ilk dəfə pensiya almaq üçün sənədlərini götürüb banka gedəndə çox təəccüblənmişdi. Elə qadın qapıya ayağını təzəcə qoymaq istəyir ki, qapı öz-özünə açılır və içəridə, özü demiş, "inkubatordan çıxmış" kostyumlu oğlanlar və hamısı eyni cür geyinmiş, demək olar ki, eyni boyda, eyni çəkidə olan qızlar idi. Fatma xalanı təəccübləndirən qapının öz-özünə açılması deyildi, bunu yaşadığı binanın altındakı böyük meqamarketdə də görmüşdü. Onu təəccübləndirən bankda ayrı-ayrı pəncərələrdə əyləşən hətta saç rənginə kimi eyni olan miniatür xanımlar və bəylər idi. Buranı özünün işlədiyi "jek"lə müqayisə edən qadının beynindəki iş geyimi elə o vaxtkı "Mariyanın göz yaşları" parçasından olan ətək və "şolk" köynək idi. Fatma xala hamısı bir-birinə oxşayan bank işçilərinə necə təəccüblənibsə, şəxsiyyət vəsiqəsini də orada unudaraq evə qayıdıb. Qadının bu təəccübünü görən nəvəsi evdə onu başa salır ki, bu bankda qəbul olunan dress-koddur. Bir çox banklarda rəhbərlik psixoloqlarla müzakirə apararaq məhz bu ölçüdə, bu boyda xanım və bəyləri ona görə işə götürür ki, məhz bu tip əməkdaşlar və bu cür geyimlə daha çox insanın etibarını qazanmaq mümkündür. Mövzumuz çox Fatma xalaları təccübləndirən həmin o dress-kod haqqındadır. Dress-kod lazımdırmı, yoxsa kim nə tapdı - allı-güllü geyinib işə gələ bilər?

Dress-kod nə üçündür?

Son.az gencaile.az-a istinadən bildirir ki, dress-kod termini bizə ingilislərdən gəlib. Ofis dress-kodundan söhbət gedirsə, bu hər hansı şirkət tərəfindən təyin olunmuş mədəni, işgüzar geyim tərzidir. İşgüzar geyim dedikdə isə, bura cins, dekolitə, sport və mini geyimləri çıxmaq şərtilə, daha çox klassik kostyum və ya ağ köynək, qara şalvar (ətək) aiddir. Dress-kodda şirkətdə çalışan əməkdaşların həddən artıq makiyaj, əcaib saç rəngi və düzümü də məqbul sayılmır. Həmçinin onlara tövsiyə olunur ki, ciddi, səliqəli və klassik geyimdən istifadə etsinlər. Ənənəvi işgüzar tərzə münasib olan rənglər isə əsasən, tünd-göy, tünd-boz, qəhvəyi, qara, tünd-yaşıldır.

Əslində dress-koda münasibət heç də birmənalı deyil. Heç də şirkət əməkdaşlarının hamısı onun olmasını doğru addım hesab etmir. İşçilər bunu öz azadlıqlarının pozulması kimi qiymətləndirsə də, şirkət rəhbərliyinə görə işgüzar geyim tərzi şirkətin imicini formalaşdırır.

Modelyer Zümrüd Mirzəliyevanın bildirdiyinə görə, adətən, idarələrdə dress-koda uyğun ən çox istifadə olunan rənglər ağ-qara və bozdur. Dünya təcrübəsində dövlət idarələrində və özəl şirkətlərdə işgüzar geyimdən istifadə olunur. Son vaxtlar bizdə də bununla bağlı modelyerlərə müraciətlər olur: "Son vaxtlar mənə dress-kodla bağlı sifariş üçün müraciətlər çox olur. Müraciət edənlər, adətən, firmalar olur. Onlar öz kriteriyalarını deyirlər, məsələn, şalvar çox enli olmasın, köynək ağ olsun və s. Mən də deyilən çərçivədə işləyirəm".

Psixoloq Vəfa Əkbərin dediyinə görə, hər bir idarənin onu digər idarələrdən fərqləndirən qanunu olmalıdır. Məhz bu, işçilər arasında motivasiya yaradır: "İşçilər iş ağırlığı və işin məsuliyyətinə görə fərqlənirlər. Aşağı təbəqə iş görənlər- işçilər və idarəçi heyət. Dress-kodun olub-olmamasından söhbət gedirsə, əslində, hamı eyni cür geyinsə, bu, hər kəsin bərabərliyi deməkdir. Çox vaxt bundan narazı olanlar idarəçi heyət olur. Çox yaxşı olardı ki, iş geyimindəki fərqlilik aradan götürülsün. Bu, şirkətin imicinə müsbət təsir edə bilər".

"Ya işini itirməli, ya da geyimini dəyişməlisən..."

Məsələnin qanuni tərəfinə gəlincə, bizdə bu məsələ qanunla tənzimlənmir. Yəni dövlət idarələrinə mütləq dress-koddan istifadə etmək tələbi qoyulmayıb. Millət vəkilləri də bunun hüquqi baxımdan qeyri-mümkün olduğunu deyirlər. Fazil Mustafanın sözlərinə görə, hərbiləşmiş strukturlarda konkret geyim formaları var və bu geyim formalarından istifadə edirlər. Amma bunu bütün qurumlara aid etmək olmaz: "Digər qurumlarda türklər "takım əlbisəsi" deyirlər - qalstuk, kostyum - geyim qaydası var. Amma hamıya eyni geyim formasını geyindirmək olmaz. Dress-kodu bütün idarələrə tətbiq eləmək doğru deyil. Məmurlar istənilən formada idarəyə gedə bilərlər. Bunun xüsusi bir formaya salınması insanların fəaliyyətlərinin müəyyən dərəcədə məhdudlaşdırılmasıdır".

Millət vəkili hesab edir ki, bu, cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir. Məmur seçilmək üçün kostyumdan, qalstukdan istifadə edə bilər. Amma bu o demək deyil ki, hər kəsə tətbiq eləmək lazımdır. F. Mustafa hesab edir ki, bu, kommunizm prinsiplərinə uyğun gəlir və bizim azad cəmiyyət prinsiplərinə uyğun deyil:

"Nazirliklərdə, dövlət idarələrində mini, idman tərzində geyinmək düzgün deyil. Lakin bəzi məlumatlar gəlir ki, bir çox idarələrdə qadınları belə açıq geyinməyə məcbur edirlər. Müəssisə rəhbəri bəzən işçisini öz nökəri sayır və ondan belə geyim tələb edir ki, bütün qızlar mini geyinməlidirlər. Bu da çox vaxt narazılıqla qarşılansa da, bəzən insanlar çörək pulu qazanmaq üçün razılaşmalı olurlar".