İngilis dilini qısa zamanda necə inkişaf etdirmək olar?


Digərləri 05 Avq 2018 21:35:00 334 0

İngilis dilini qısa zamanda necə inkişaf etdirmək olar?

Qlobal cəmiyyətdə ən çox istifadə olunan dil - ingilis dilidir. Əksər iş yerlərində bu dili tələb edirlər, xarici dost-tanışlarımızla ünsiyyət qurmaq üçün bu dilə ehtiyacımız yaranır. Buna görədə hər birimiz ingilis dilində sərbəst danışmaq istəyirik. Ancaq bəzən elə olur ki, dil biliyinin orta səviyyəsinə çatanda inkişafımız dayanır. Qrammatika qaydaları beynimizdə qarışır, öyrəndiyimiz sözləri isə unuduruq.

Bu məqalədə mən sizə ingilis dilini qısa zamanda inkişaf etdirmək üçün 5 məsləhət verəcəm.

Qeyd: bütün yazdıqlarım öz təcrübəmə əsaslanır.

Məsləhət №1. Öz biliklərimizi təcrübədə istifadə edirik.

Son.az bizplus.az-a istinadən bildirir ki, bir çox insanın əsas problemi odur ki, onlar qrammatika qaydalarını və sözləri bilirlər, ancaq danışıqda istifadə edə bilmirlər. Bu niyə baş verir?

İstənilən dilin öyrənilməsi 2 hissədən ibarətdir: nəzəri hissədən və praktiki hissədən. Əgər siz nəzəriyyəni öyrənirsizsə və öyrəndiklərinizi təcrübədə istifadə etmirsinizsə, onda öyrəndiklərinizi real danışıqda istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Buna görədə öyrəndiklərinizi təcrübədə istifadə etməyə məcbursuz. Bunu daha yaxşı olar ki bir neçə addımla edəsiniz.

1.Yeni öyrəndiyiniz istənilən mövzunun (qrammatika, oxu, qulaq asma və s.) bütün bilmədiyiniz sözlərini dəftərdə qeyd edin və həmin sözləri dərhal öyrənin.

2. Yeni öyrəndiyiniz istənilən mövzu (qrammatika, oxu, qulaq asma və s.) haqqında 5-10 cümlə fikirləşin və dəftərdə qeyd edin.

Məsləhət №2. Söz ehtiyatımızı artırırıq.

Öz fikirlərimizi sərbəst ifadə etmək üçün, bizə təkcə cümlələr qurmaq deyil, həmçinin həmin cümlələrdə istifadə olunacaq sözləri bilmək lazımdır. Nə qədər söz biliyiniz geniş olsa, bir o qədərdə sərbəst şəkildə öz fikirlərinizi ifadə edə biləcəksiniz.

Niyə siz yeni sözlər öyrənirsiz, ancaq söz bazanız artmır? Çünki söz bazası iki yerə bölünür: aktiv və passiv. Aktiv bazaya gündəlik həyatda istifadə olunan sözlər daxildir. Passiv bazaya isə bildiyimiz, ancaq gündəlik həyatda istifadə etmədiyimiz sözlər. Bu növ sözləri biz adətən unuduruq və ya lazımi anda xatırlaya bilmirik.

Sözləri effektiv yadda saxlamaq və danışıqda istifadə etmək üçün, onları düzgün öyrənmək lazımdır. Yeni öyrəndiyiniz sözü dərhal istifadə edin və həmin sözlə 5-10 cümlə hazırlayın.

Söz bazanızı artırmaq üçün:

1.Sözləri ayrı-ayrı mövzulara bölün və siyahı şəklində öyrənin. Məsələn: iş, səyahət, ailə, heyvanlar və s.

Öyrəndiyiniz mövzulardan öz həyatınızdan səhnəcik düzəldin və ya həmin mövzunu istifadə edərək ingilis dilində bilən dostlarınıza öz həyat təcrübənizdən danışın. Məsələn: səyahət mövzusunda sözləri öyrəndikdən sonra, sonuncu səyahətiniz barədə öyrəndiyiniz sözləri istifadə edərək danışın.

2.Ancaq istifadə edəcəyiniz sözləri öyrənin. Əgər sizin astronomiya ilə heç bir əlaqəniz yoxdursa, onda bu mövzuda sözlər öyrənmək faydasız olacaq. Bu sözləri heç bir yerdə istifadə edə bilməyəcəksiniz və tez bir zamanda unudacaqsınız. Sözləri düzgün qaydada və siyahılarla öyrənərək, siz qısa zamanda öz söz ehtiyatınızı artıracaqsınız.