Hər bir işçi bunları mütləq bilməlidir


Digərləri 05 Avq 2018 20:35:00 316 0

Hər bir işçi bunları mütləq bilməlidir

Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri təqdim edəcəyik.

1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad: Əmək Məcəlləsi, maddə 9c)

2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir.(İstinad: Əmək Məcəlləsi, maddə 48.2)

3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir.(İstinad: Əmək Məcəlləsi, maddə 51.3)

4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın. (İstinad: Əmək Məcəlləsi, maddə 69.4)

5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz.(İstinad: Əmək Məcəlləsi, maddə 77)

Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə:

variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.

variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.

6) Bankın müraciətinə əsasən işçinin əmək haqqından tutulmaya yol verilə bilməz.

Son.az bizplus.az-a istinadən bildirir ki, işəgötürənin özbaşına olaraq hansısa bankın müraciəti ilə işçinin əmək haqqından tutulmaya yol verməsi qadağandır. Bu yalnız işçinin yazılı razılığı olduqda mümkündür. Bu səbəbdən də işçilərə məsləhətdir ki, bankdan kredit götürərkən verilən sənədlərə diqqət yetirsinlər.

7) İşçinin 5 banka borcu varsa və hər bank borcu üzrə məhkəmə qərarı çıxarılıbsa, onun əmək haqqının bölünməsi qaydası.

Bu halda işçinin əmək haqqının (burada gross, yəni vergi və digər ödənişlər daxil olmaqla müəyyən edilən əmək haqqı məbləği nəzərdə tutulur) 50%-i 5 banka olan borca görə bölünəcək. Təqribən hər banka 10% əmək haqqı ödəniləcək. Qalan 50% isə işçiyə ödənilməlidir.

8) İşçinin məsuliyyətini istisna edən hallar da var və bu hallara görə işçidən nəyinsə tələb edilməsi yol verilməzdir. Belə ki fors-major hallarda, işçinin təqsiri olmadan maşın-mexanizm və ya avadanlıqların korlanması və sınmasına görə işəgötürənə dəyən ziyanı işçi ödəmək öhdəliyi daşımır.

9) İşdən çıxan işçiyə əmək kitabçası nə vaxt verilir?

Bu sualın cavabı olaraq qeyd edə bilərik ki, işçiyə əmək kitabçası sonuncu iş günü, yəni əmək müqaviləsinin xitam verildiyi gün verilməlidir. Bu qayda işəgötürənin təqsiri səbəbindən pozularsa, işçiyə işə düzəlmədiyi bütün müddətin orta əmək haqqı mütləq ödənilməlidir.

10) İsti hava şəraiti zamanı işçilərin təminatları.

İşəgötürən hava temperaturu isti və ya soyuq olan iş yerlərində müvafiq olaraq normal iş şəraitinin qurulmasını təmin etməlidir. Həmçinin, hava temperaturu 41 C olan günlərdə açıq şəraitli iş yerlərində daimi fasilələr verilməli, iş vaxtı dayandırılmalıdır. Dayandırılma halında işçinin əmək haqqına heç bir təsir edəcək azalma edilə bilməz.