Ət məhsulları alarkən diqqətli olun


Digərləri 05 Avq 2018 16:22:00 337 0

Ət məhsulları alarkən diqqətli olun

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

Son.az Trend-ə istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.

Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.

Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.

Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.