Adamyeyən diktatorun malikanəsindəki rus muzdluları...


Dünya 05 Avq 2018 13:27:00 301 0

Adamyeyən diktatorun malikanəsindəki rus muzdluları...

Xəbər verildiyi kimi iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusyalı jurnalist-azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Orxan Camalın başçılıq etdiyi həmin çəkiliş qrupu Mərkəzi Afrika Respublikasına "Vaqnerin ordusu" kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyətini araşdırmaq üçün getmişdi. Onları mühacirətdə olan rusiyalı keçmiş oliqarx və müxalifətçi Mixail Xodorkovskinin "Təhqiqatların idarə edilməsi Mərkəzi" maliyyələşdirirdi.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, "MBX Media" portalı jurnalistlərin Mərkəzi Afrika Respublikasında şübhəli qətli ilə bağlı bir sıra yeni sensasion məqamlar dərc edib. Məlum olur ki, Cama, Rastorquyev və Radçenko iyulun 28-də səhər saatlarında Mərakeşin paytaxtı Kasablankadan Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərinə uçublar. Onlar əvvəllər BMT missiyası ilə işləmiş və bu ölkədə işləmiş fransız jurnalistlərin məlumat bazasında münasib namizəd kimi göstərilən yerli sürücünü muzdla tutublar.

Adamyeyən diktatorun malikanəsindəki ruslar...

İyulun 29-da çəkiliş qrupu "Vaqnerin ordusu"nun, rəsmi olaraq Rusiya "hərbi təlimatçılarının" paytaxt Banqi yaxınlığındakı Berenqo qəsəbəsində yerləşən bazasına daxil olmağa çalışıblar. Bu baza Mərkəzi Afrika Respublikasının keçmiş diktatoru , adamyeyən Jan Bedel-Bokossonun malikanəsində yerləşir. Jurnalistləri bazanın ərazisinə buraxmayıblar, onlardan yerli müdafiə nazirliyinin akreditasiyasını tələb ediblər. Bununla belə jurnalistlərin barəsində məlumatları qeydə alıblar.

Həmin gün Banqidə qaldıqları otelin qarşısında rusiyalı jurnalistləri iki Mərkəzi Afrika Polisi saxlayıb, onlara deyiblər ki, guya çəkiliş aparatlarını qanunsuz istifadə edirlər. Polislər jurnalistlərdən 100-120 dollar rüşvət istəyiblər. Jurnalistlər polislərin rüşvət vermək tələbini yerinə yetiriblər. 

Jurnalistlər paytaxtdan yola çıxır və marşrutu dəyişir

İyulun 30-da Camal, Rastorquyev və Radçenko sürücüləri ilə birlikdə Banqidən çıxıb paytaxtdan 400 kilometr məsafədə yerləşən Bambari şəhərinə gediblər. Bambaridə onların Martin adlı fikserlə (jurnalistlərə muzdla kömək edən əlaqələndirici) görüşü nəzərdə tutulmuşdu. Martin özünü jurnalistlərə BMT-nin MAR-da vəziyyətin stabilləşdirilməsi üzrə missiyasının (MİNUSCO) əməkaşı kimi tanıtmışdı.

Və iyulun 30-dan 31-nə keçən gecə jurnalistlər güllələnib. Bu hadisə Sibyu və Dekoa yaşayış məntqələri  arasındakı yolda baş verib. Həmin yol Kaqa-Bandoro şəhərinə aparır. Yəni jurnalistlər Bambari şəhərinə getmək əvəzinə tamam başqa yolla gediblər və orada güllələniblər. Çəkiliş qrupunun sürücüsü silahlı hücumda yaralanıb, amma sağ çıxa bilib.

Jurnalistlərin Sibyu şəhərinə çatandan sonra şərqə-Bambari şəhərinə aparan yolla getmək əvəzinə şimala-Kaqa-Bandoro şəhərinə aparan yolla niyə getdikləri məlum deyil. Onların planları niyə dəyişib? Kaqa-Bandoro şəhərinə hansı məqsədlə yola düşüblər? Yaxud bilərəkdən azdırılıblar?

"Kremlin aşbazı"nın qızıl yatağı

Xüsusən də jurnalistlərin təhqiqat obyektlərindən biri-Kremlin aşbazı kimi tanınan oliqarx Yevgeni Priqojinin təsis etdiyi şirkətin işlətdiyi Ndassima qızıl yatağı ("Vaqnerin ordusu"nu da Priqojin maliyyələşdirir) da Bambari şəhəri yaxınlığında yerləşirdi.

Bambari şəhəri hökumətin nəzarətindədir, orada MİNUSCO missiyasının nümayəndələri də yerləşir, hərçənd təhlükəsizlik baxımından etibarlı şəhər deyil. Bambari rayonunda radikal islamçıların "Seleka" adlı qruplaşmasından ayrılmış "Sülh naminə birlik" qruplaşmasının dəstələri də var.

Kaqa-Bandoro şəhəri isə formal olaraq hökumətin nəzarətindən kənardadır. Bu şəhər "Seleka"nın parçalanmasından sonra yaranan iki qruplaşmanın-"Xalq dirçəliş cəbhəsi"nin ( lideri Mərkəzi Afrika Respublikasının keçmiş prezidenti Mişel Cotodiyadır, o, bir neçə il əvvəl qısa müddət hakimiyyətdə olanda "Seleka"ya başçılıq edirdi) və "MAR patriotları hərəkatı"nın (Mahamat əl-Hatimin başçılığı ilə) mübarizə zonasında yerləşir.

Bu yol o qədər də təhlükəli olmayıb...

BMT mütəxəssislərinin tərtib etdikləri xəritəyə əsasən həm Sibyu-Bambari, həm Sibyu-Kaqa-Bandoro yolları "narıncı" təhlükə səviyyəsinə aiddir. Yəni "yaşıl zona" kimi təhlükəsiz və "qırmızı zona" kimi təhlükəli deyil. Jurnalistlər isə "yaşıl zona"dan çıxıb "narıncı zona"ya daxil olan kimi hücuma məruz qalıblar. MAR KİV-ləri təəcüblənir ki, jurnalistlər son vaxtlar silahlı qruplaşmaların gözə dəymədiyi və ciddi silahlı insidentin qeydə alınmadığı bu yolda necə öldürülüblər.

"Human Rights Watch" təşkilatının Afrika bölməsinin nümayəndəsi Lyuis Mac deyib ki, Sibyu-Bambari yolu ilə hazırda silahlı mühafizə olmadan getmək mümkündür. Sibyu-Kaqa-Bandoro yolu da Dekoa yaşayış məntəqəsinə qədər nisbətən təhlükəsizdir. Dekoadan sonra isə keçmiş "Seleka" yaraqlılarının nəzarətində olan bölgə başlayır.

"Seleka" yaraqlıları versiyasını dərhal kim ortaya atdı

Jurnalistlər Dekoaya çatmamış, hökumət qoşunlarının Sibyu şəhərinin çıxışında qoyulmuş blok-postundan 18 kilometr məsafədə öldürülüblər. Hadisədən dərhal sonra beynəlxalq KİV-lər qətlin "Seleka" yaraqlıları tərəfindən qarət məqsədi ilə törədilə biləcəyi hada versiyanı yayıblar. Lakin ərazinin "Seleka"nın nəzarətində olmadığı aydınlaşıb. Buna baxmayaraq iyulun 31-də "İnterfaks" Mərkəzi Afrika Respublikası polisindəki mənbəyə istinadən hadisənin qarət məqsədi ilə törədildiyini yayıb. XİN rəsmisi Mariya Zaxarova da jurnalistlərin qətlinin "quldur hücumu nəticəsində" baş verdiyini bildirib. TASS hadisədə "Seleka" yaraqlılarının əlinin olduğu haqda ehtimalı tirajlayıb. MAR hakimiyyəti də "Seleka" və qarət versiyasını irəli sürüb. KİV və kommunikasiyalar naziri Anj Maksim Kazaqi bildirib ki, öldürülən jurnalistlərin üzərindən çəkiliş aparatı və 8.5 min dollar pul götürülüb.

Jurnalistlər Banqidəki "rus hərbçisinə" zəng edir və..

MAR-ən CNC adlı xəbər saytı isə yazır ki, jurnalistlərə Sibyu şəhərinin çıxışında hökumət qüvvələrinin blok-postunda gecə vaxtı yola çıxmamaq məsləhət görülüb. Bundan sonra jurnalistlər "Banqidəki rus əsgərlərindən" birinə-öz həmvətənlərinə zəng ediblər. Həmin şəxs telefonda onları əmin edib ki, yolda təhlükə yoxdur. Məhz bundan sonra jurnalistlər yola davam etməyi qərara alıblar.