Avropada qızmar yay: alimlər həyəcan təbili çalır


Dünya 04 Avq 2018 19:58:00 240 0

Avropada qızmar yay: alimlər həyəcan təbili çalır

İqlim dəyişikliyi ilə bağlı tədqiqat aparan alimlər İsveçrədə mal-qaranın quraqlıqdan tələf olmasını, İsveçdə meşə yanğınlarını, Avstriyadakı dağların zirvəsində buzların əriməsini, Londonda kondisionerlərin sıradan çıxması hallarını, Qrenlandiyada buz dağının əriməsini qlobal istiləşmənin əlaməti kimi qiymətləndirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Oksford Universitetində iqlim dəyişikliyi ilə bağlı xüsusi şəbəkə yaradılıb. Tədqiqatlar nəticəsində məlum olub ki, bu il Arktik dairəsində də rekord səviyyədə istilər qeydə alınıb. Skandinaviya ölkələrində - Norveçdə, İsveçdə, Finlandiyada tarixin ən yüksək temperaturu meşə yanğınları və quraqlıqla nəticələnib.

Fransa Elmi Araşdırmalar Mərkəzinin iqlim dəyişikliyi laboratoriyasının direktoru Fransua Mari Brion bildirib ki, əvvəllər isti havalar hər on ildə bir dəfə müşahidə olunurdusa, indi Avropanın qərbi iki ildən bir qızmar yay və quraqlıqla qarşılaşır. Onun sözlərinə görə, bu, açıq-aşkar iqlim dəyişikliyinin əlamətidir və dəniz səviyyəsinin qalxması ən qorxulu haldır. Alim diqqətə çatdırıb ki, hər il dənizin səviyyəsi 3-4 millimetr qalxır və təəssüf ki, bu proses davam edəcək.