Fransadakı o qadağadan bizdə niyə yoxdur?


Digərləri 04 Avq 2018 19:46:00 271 0

Fransadakı o qadağadan bizdə niyə yoxdur?

Fransa parlamenti bu günlərdə yaşı 15-dən aşağı olan məktəblilərə mobil telefondan istifadəni qadağan edən qanun qəbul edib. Qadağa həmçinin məktəbə hazırlıq siniflərində və orta məktəblərdə internetə bağlantısı olan bütün digər vasitələrə, o cümlədən, planşetlərə və "ağıllı" saatlara da aiddir.

Son.az virtualaz.org-a istinadən bildirir ki,artıq bu ilin sentyabrından tətbiqi gözlənilən yeni qanun təkcə şagirdlərə deyil, müəllimlərə də məktəbdə mobil vasitələrdən tədris məqsədindən başqa bütün digər məqsədlərlə istifadəni qadağan edəcək.

"İrəli, Respublika!" partiyası tərəfindən irəli sürülən qanun layihəsini  Fransanın xalq təhsili naziri Jan-Mişel Blanker də yüksək qiymətləndirib və bildirib ki, onun tətbiqi şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərəcək, onları mövzuya yönəltməyə və öyrənmə üçün əlverişli mühit yaratmağa imkan verəcək. O, həmçinin qeyd edib ki, yeni qanun daha möhkəm hüquqi bazanın yaradılmasına və şagirdlərin telefonlardan asılılığının azaldılmasına səbəb olacaq.

Fransa kimi inkişaf eləmiş Avropa dövlətində məktəblilərin mobil telefondan istifadəsinin qadağan olunması problemin təkcə Azərbaycan üçün aktual olmadığını göstərir.

Nəzərə alaq ki, Azərbaycanda da orta məktəblərdə, hətta ibtidai siniflərdə şagirdlərin dərsə mobil telefonla gəlməsi adi haldır. Bu da məktəblilər arasında smartfonlar vasitəsilə intihara sürükləyən təhlükəli oyunlara aludəçilik, habelə qəddar zorakılıq, açıq-saçıq görüntülər əks etdirən, interneti başına götürmüş görüntülərə baxılması hallarını artırır.

"Məktəblərdə telefon qadağası çoxdan tətbiq olunmalı idi"- ekspert

Bəs oxşar qadağa Azərbaycanın da təhsil müəssisələrində tətbiq oluna bilərmi? Bunun hansı müsbət nəticələri ola bilər?

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, orta məktəblərdə mobil telefondan istifadənin yasaqlanması çoxdan lazım idi və bu məsələdə hətta bir qədər də gecikmişik.

"Fransa hökumətinin bu qərarı çox yaxşı, düşünülmüş qərardır. Bir çox inkişaf etmiş ölkələrdə məktəblərin girişində telefonla danışmaq imkanını məhdudlaşdıran xüsusi qurğular quraşdırılıb. Bütün hallarda məktəblədə və ali təhsil müəssisələrində şagirdlərin və tələbələrin telefondan istifadəsi neqativ hal kimi qiymətləndirilməlidir. Bu tədris prosesini pozmaqla yanaşı şagirdlər arasında təhsilə diqqəti azaldır, zərərli vərdişlərin əmələ gəlməsinə səbəb olur, ümumiyyətlə təlim-tərbiyə prosesinə mənfi təsir edir. Bu qərar bizdə də qəbul olunsa, çox  yaxşı olar. Telefonların şagirdləridən alınması o deməkdir ki, məktəbə çox böyük etimad var", - deyə E. Əliyev qeyd edir.