Mənzilin komfortlu olmasında rənglərin xüsusi rolu var


Digərləri 03 Avq 2018 22:49:00 330 0

Mənzilin komfortlu olmasında rənglərin xüsusi rolu var

Mənzillərdə rahat mühit yaratmağın ən vacib şərtlərindən biri də interyerin düzgün qurulmasıdır. İnteryer dedikdə mənzilin sahəsinə görə avadanlıqların planlı yerləşdirilməsi nəzərdə tutulur. Mənzillərdə pəncərələrin, qapıların, qızdırıcı cihazların, şkaf və başqa məişət əşyalarının harada yerləşdirilməsi çox vacibdir.

Mənzilin komfort və gözəl olmasında rənglər xüsusi rol oynayır. Rənglər isti-sarı, narıncı, qırmızı və soyuq-mavi, yaşıl və bənövşəyi olmaqla iki yerə bölünür. Mənzillərin rənglənməsi harmonik və yaxşı düşünülmüş olmalı, divar kağızları isə mebel fonuna uyğunlaşdırılmalıdır.

Mənzildə divarların hansı rəngdə olması çox əhəmiyyətlidir. Çünki rənglər insan psixologiyasına təsir edən amillərdəndir. Tavanın ağ rənglə boyanması məsləhətlidir. Döşəmənin taxta və ya parket olması rahatlığı təmin edir. Keyfiyyətsiz təmirlər, məsələn mənzilin döşəmə və tavanının sintetik materiallardan olması sakinlərdə depressiya, stress, narahatlıq yarada bilər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmləri namizədi Abuəli Hüseynli məlumat verib.

Ev təmir edilərkən boya və divar kağızlarının alınması zamanı düzgün rəng seçimi əsas şərtlərdən biridir. Bəzən soyuq rəngi istiyə və ya isti rəngi soyuğa keçirmək olar. Evlərdə tutqun rəngli divar kağızlarından istifadə etmək məsləhət görülmür. Çünki belə rənglər sahəni kiçildərək gözləri yorur. Açıq rənglərdən ağ, zeytun, fil dişi, salat, açıq mavi isə yorğunluğu aradan qaldırır.

İsti və aktiv insanlara çox açıq və şərq düzəninə bənzər rənglərdən istifadə etmək tövsiyə olunur. Mütəxəssislərin fikrincə, rənglərin ahəngi əsəb sisteminə yaxşı təsir edir.

Qırmızı rəng daha çox həyəcanlandırıcı kimi qəbul edilir. Bu rənglə çox ehtiyatlı davranmaq lazımdır. O, çox güclü stimulyatordur və orqanizmə müəyyən təsir göstərir. Bu rəng oynaqların hərəkətinə, soyuqdəymə və qıcolma prosesinin qarşısını almağa kömək edə bilər. Lakin qırmızı rəngdən həddindən artıq istifadə edildiyi təqdirdə qıcıqlanma və həyəcanlanma hallarının müşahidə olunması istisna deyil. Güclü və optimist enerji verməsinə baxmayaraq yüksək qan təzyiqi olanların bu rəngdən istifadə etməsi tövsiyə olunmur. Mənzilin interyerində qırmızı rəngdən az miqdarda istifadə etmək lazımdır. Divan, yastıq və ya pərdələrin qırmızı rəngdə olmasını aqressiv insanlar daha çox sevirlər. Yataq otağında divarların həmin rənglə boyanmasına yol vermək olmaz. Lakin bu rəng aldadıcı olaraq qalır. Mənzildə az miqdarda istifadə olunan qırmızı rəng əvvəlcə xoş, sonra isə yorucu təsir bağışlaya bilər.