Mobil cihazlara tətbiq edilən yeni rüsumlar mağazalarda telefon qiymətlərinə təsir edəcək?


Digərləri 03 Avq 2018 22:17:00 321 0

Mobil cihazlara tətbiq edilən yeni rüsumlar mağazalarda telefon qiymətlərinə təsir edəcək?

Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun artırılması telefon mağazalarında qiymətlərə hər hansı bir təsir etməyəcək. Son.az bildirir ki, bu barədə Trend-ə ASBC MMC-nin ("Alma Store") marketinq meneceri İlahə Əliyeva deyib.

İ.Əliyeva bildirib ki, bu rüsum fiziki şəxslərə tətbiq edilir. O qeyd edib ki, hüquqi şəxslər telefonları gətirərkən rəsmi qaydada gömrükdən keçirir, rüsumu ödəyir, o cümlədən telefonları müvafiq nazirlikdə qeydiyyatdan keçirir: "Yəni hər bir prosedur rəsmi şəkildə həyata keçirilir. Bu səbəbdən də yeni qaydanın hüquqi şəxslərə aidiyyəti yoxdur. Biz əvvəl hansı qayda ilə tədarük edirdiksə, bundan sonra da elə davam edəcəyik".

İ.Əliyeva bildirib ki, telefon mağazalarında qiymət artımının olacağı barədə deyilənlər yalnışdır: "Bizdə heç bir qiymət artımı olmayıb, telefonlar əvvəlki qiymətlərlə satışdadır".

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib.

Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.