DGK yeni pilot layihənin tətbiqinə başlayıb


Digərləri 03 Avq 2018 20:40:31 495 0

DGK yeni pilot layihənin tətbiqinə başlayıb

“Bir inspektor - bir nəqliyyat vasitəsi” prinsipinə əsaslanan layihə “bir pəncərə” sistemi çərçivəsində reallaşdırılır.

Bakı. Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna səfəri təşkil edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub. Məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır. Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıb.