Tikintisi başa çatmamış binalardan mənzil almayın,


Digərləri 02 Avq 2018 22:54:00 282 0

Tikintisi başa çatmamış binalardan mənzil almayın,

İnşaası yarımçıq qalmış binalar təhlükə mənbəyidir, 1-2 il sonra qışda soyuqdan, yayda isə istidən korroziyaya uğrayır

Bir çox ölkələrdə yaşayış üçün nəzərdə tutulmuş binalar (istisnalar olmaqla) tam tikilib başa çatmamış binadakı mənzillərin satışına icazə verilmir. Azərbaycanda isə bu, tam əksinədir. Paytaxtda elə binalar var ki, tam tikilib istismara verilməmişdən mənzilləri satılıb. Bu, azmış kimi, artıq həmin binalarda mənzil alan vətəndaşlar evlərini təmir ediblər, binalarda yaşayış da var.

Son zamanlar yaşayış olmasına baxmayaraq, tam təhvil verilməmiş binalarda bəzi bədbəxt hadisələr baş verir. Canından bezən, yaşamaq istəməyən insanlar rahat şəkildə həmin binalara daxil olaraq intihar edirlər.

Belə hadisələrdən biri ötən müddətdə Yeni Yasamal qəsəbəsində, "Şərur" MTK-ya məxsus 24 saylı binada baş verdi. Sözügedən bina tam təmir edilmədən, insanların istifadəsinə icazə verilib. Blokda qapıların şifrəli olmaması da istənilən hər kəsin binaya daxil olmasına imkan yaradır.

Nəzarətsiz və mühafizəsiz binalarda acıq blok qapıları, hər kəsin çıxıb-düşə biləcəyi damlar, həmçinin binada yaşayan vətəndaşların həyatı üçün də təhlükəlidir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, tikinti eksperti Elnur Fərzəliyev deyir ki, tikinti təhlükəsizliyi baxımından tam təhvilə hazır olmayan binalarda təmirə və yaşayışa icazə verilməməlidir.

"Bakı şəhərində son 15 ildən üzü bu günümüzə qədər yüzlərlə yeni tikili binalar inşa edilib və inşa edilməkdədir. Əksər binalar tikilib tam təhvil verilsə də, xeyli binalar var ki, tam yaşayışlıdır. Buna baxmayaraq, tikinti şirkətləri hələ də öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir".

"Alqı-satqı müqaviləsində tikinti şirkətləri binanın hansı müddətə tikilib təhvil veriləcəyi tarixi, təhvil verdikdən sonra qaz, su, işıq və digər kommunikasiya ilə təmin edəcəyi öhdəliklərini öz üzərinə götürür. Günümüzün ən böyük problemlərindən biri də tam yaşayışlı binalarda hələ də təmir işlərinin getməsi və binaların qazla təmin olunmamasıdır" - deyə ekspert əlavə edir.

E.Fərzəliyev bildirir ki, tikinti şirkətləri mənzili satarkən vətəndaş qarşısında digər öhdəliklər kimi mənzilin qazla təmin olunacağı öhdəliyini də götürür: "Lakin təkcə Bakı şəhərində xeyli sayda binalar var ki, sakinlərin şikayətlərinə baxmayaraq, hələ də mənzilləri qazla təmin olunmur. Qazsız binaların sakinləri qazın olmaması səbəbindən hər ay əlavə olaraq elektrik enerjisinə xeyli məbləğdə pul ödəməli olurlar".

Müsahibimizin sözlərinə görə, ən böyük təhlükələrdən biri də ondan ibarətdir ki, qazsız mənzillərdə elektrik naqilləri artıq dərəcədə yüklənərək sıradan çıxır və bu da istənilən vaxt qısaqapanma və yanğına səbəb ola bilər: "Vətəndaşlar bu cür hallarda Mülkü Məcəllənin əqdlər və öhdəliklər fəsillərindəki maddələri əsas tutaraq, tikinti şirkətlərini məhkəməyə verib, kompensasiya tələb etmək hüququna malikdirlər".

"Yarımçıq qalmış binalar təhlükə mənbəyidir, 1-2 il sonra qışda soyuqdan, yayda isə istidən korroziyaya uğrayırlar. Bina vaxtında tikilib başa çatmalıdır. Çünki, onun içindəki temperatur, binanın üzlənməsi və s. binanın möhkəmliyinə təsir edir. Bunlar binanın korroziyaya uğramasının qarşısını alır. Amma bina ildən-ilə yarımçıq qaldıqca, təhvil verilmə müddəti uzandıqca, orda aşınma faizi çoxalır" - Fərzəliyev vurğulayır.