Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizə müzakirə edilib


Digərləri 02 Avq 2018 18:47:00 319 0

Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizə müzakirə edilib

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq DSX-nın Sahil Mühafizəsində "Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları" mövzusunda tədbir keçirilib.

Son.az bildirir ki, komitədən Trend-ə verilən məlumata görə, zabit və sərhədçilərin iştirak etdiyi tədbirdə ilk öncə DQİDK-nın sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov əsası ulu öndər tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə əlaqədar hökümətin həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən, gənclər arasında aparılan maarifləndirmə işinin effektivliyinin artırılmasından danışıb.

S.Heydərov onu da bildirib ki, "Dini etiqad azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsi, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə maddi dəstəyin göstərilməsi, eləcə də din sahəsində milli kadrların hazırlanması məqsədi ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu istiqamətdə görülmüş müsbət işlərin bariz nümunəsidir.

Natiq eyni zamanda deyib ki, hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu var. Dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayan S.Heydərov DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, hüquqi və ideoloji müstəvidə mübarizə aparıldığını diqqətə çatdırıb.

O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində bu cür tədbirlərin mütəmadi keçirildiyini qeyd edib.