Azərbaycan-Hindistan iqtisadi əlaqələri müzakirə edilib


Digərləri 02 Avq 2018 18:18:00 267 0

Azərbaycan-Hindistan iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın inkişafına, eləcə də ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişləndirilməsinə dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev Azərbaycan-Hindistan əlaqələrinin yüksək səviyyədə olduğunu, ölkəmizin Hindistan ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin, Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Hindistanla əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında ticarət əməkdaşlığının genişləndiyini, Azərbaycanda 170-ə yaxın Hindistan kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib. Hindistanla əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Hindistanlı iş adamlarını ölkəmizdə yaradılmış sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib. Bildirilib ki, sənaye, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və s. sahələrində əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanlar böyükdür.