“Microsoft Imagine Cup”un finalçıları məlum olub


Digərləri 02 Avq 2018 08:11:00 264 0

“Microsoft Imagine Cup”un finalçıları məlum olub

"Microsoft" şirkəti "Imagine Cup 2018" beynəlxalq texnologiya müsabiqəsinin nominantlarının siyahısını açıqlayıb. 49 finalçı arasında özü öyrənən əl protezini hazırlamış kanadalı tələbələr komandası qalib elan edilib. Onlar 85 min dollar məbləğində pul mükafatı alıb və "Microsoft"un direktoru Satya Nadella ilə görüşmək imkanı əldə ediblər.   Son.az ICTnews-a istinadən bildirir ki, robot əl obyektləri tanımaqda yardımçı olan kamera ilə təchiz edilib,  süni intellekt sistemi isə əşyaları tutmaq üçün optimal variantı hesablamağa, istifadə tezliyindən asılı olaraq hərəkətləri təkmilləşdirməyə imkan verir. Bu layihədə "Microsoft Azure" bulud sistemi əsasında kompüter görməsi və təlimi texnologiyaları tətbiq edilib.   Yeni doğulmuş uşaqlar və onların valideynləri üçün "tərcüməçi" sistemi yaratmış Yunanıstanı təmsil edən "iCry2Talk" komandası ikinci yeri tutub. "Dərin təlim alqoritmlərindən istifadəyə əsaslanan təhlil sistemi körpənin ağlamasını müəyyən fizioloji və psixoloji vəziyyətlərlə assosiasiya edir və onu real vaxt rejiminə keçirir: nəticəni mətn, təsvir və ya səsli mesajlar şəklində göstərir" - "Microsoft"un mətbuat xidmətindən bildirilib.   Yaponiyanı təmsil edən komanda üçüncü olub: dərin təlim alqoritminə əsaslanan "Mediated Ear" adlı proqram kənar səsləri batıraraq eşitmə qüsurlu insanların danışan şəxsə konsentrə olmasına kömək edir.