Erkən yaşlarında üzgüçülüklə məşğul olmaq bir sıra xəstəliklərin qarşısını alır


Digərləri 01 Avq 2018 23:25:00 301 0

Erkən yaşlarında üzgüçülüklə məşğul olmaq bir sıra xəstəliklərin qarşısını alır

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir. Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir.

İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır.

Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir.