İsveçrədə milli bayramın əsas atributlarından biri qadağan edilib


Digərləri 01 Avq 2018 22:12:00 261 0

İsveçrədə milli bayramın əsas atributlarından biri qadağan edilib

İsveçrə Konfederasiyasının milli bayramı - ölkənin ilk kantonlarının birləşməsinə dair "Rütli andı"nın qəbul edildiyi 1 avqust tarixi bütün ölkə ərazisində böyük təntənə ilə qeyd edilir. Bayramın əsas atributlarından biri isə bələdiyyələr tərəfindən atəşfəşanlıq mərasimlərinin təşkili, yerli əhalinin havaya fişəng atması və qril partilərinin keçirilməsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa ölkələrində davam edən isti hava şəraiti İsveçrə kantonlarını builki bayramın əsas atributundan imtina etmək məcburiyyəti qarşısında qoyub. Quraqlıq və yüksək temperaturun törətdiyi yanğın təhlükəsini nəzərə alaraq, 13 kantonda bayram atəşfəşanlığının keçirilməsi rəsmi şəkildə qadağan edilib. Rəsmi qurumlarla yanaşı, əksər ərazilərdə vətəndaşların fərdi şəkildə havaya fişəng atması və ocaq qalaması da qadağaya məruz qalıb.

Yerli qəzetlərin apardığı sorğularda isə ölkə əhalisinin əksəriyyəti Ətraf mühit üzrə Federal İdarənin bu qərarını anlayışla qarşılayıb.