Kinomuzun Həsən Məmmədov zirvəsi FOTO


Kriminal 01 Avq 2018 21:35:00 337 0

Kinomuzun Həsən Məmmədov zirvəsi  FOTO

O, oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Milli kinomuzun ən maraqlı və yaddaqalan filmlərində onun adı yer alıb. "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da Əsgər, "Gün keçdi"də Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Bizi bağışlayın"da Nəriman, "Birisi gün gecə yarısı"nda Baba Əliyev, "İstintaq"da Murad, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu ağa Şadlinski, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Bir cənub şəhərində" Murad... rolları ilə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən obrazlar qalereyası yaradıb. Xalq artisti Həsən Məmmədov "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, "Birisi gün gecə yarısı" ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor 1970-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub. Həsən Məmmədov ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı surətlərlə ölkənin kino xəzinəsini zənginləşdirib.

Həsən Məmmədovun 80 illik yubileyinin noyabr ayında keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı isə aktyorun sənətinə verilən növbəti yüksək dəyərdir. Anadangəlmə istedad   Həsən Məmmədov atasının təkidi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə verib daxil olanda teatr və kinoya olan sevgisi qəlbini tərk etməmişdi. Elə həmin institutda təhsilini yarıda qoymağa onu məcbur edən də bu sevgi olur. 2-ci kursdan universitetdən çıxaraq bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq edir. Sonra da "Mən aktyor olmaq istəyirəm" deyə 1958-ci ildə sənədlərini Teatr İnstitutuna verir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların qarşısında imtahan vermək asan olmasa da, gəncin çıxışı bəyənilir. Seçilən gənclərin sənət, rejissorluq, dramaturgiya, ümumiyyətlə teatr haqqında təsəvvürlərinin olub-olmaması yoxlanıldıqdan sonra onlar imtahana buraxılırdılar: "İmtahanda etüd göstərirdin, şeir, təmsil deyirdin, səsin varsa, oxuyurdun, musiqi alətində çala bilirdinsə, çalırdın, rəqs bilirsənsə, rəqs edirdin, yəni bütün bunları ordakı müəllimlərin profilindən çıxış edərək edirdin"- deyə aktyorun dostu və həmkarı Rafiq Əzimov xatırlayır: "Münsiflər heyəti kimi imtahanda olan müəllimlərin hər biri öz qiymətini verirdi. Həmin əsas imtahanlardan keçənlərin adları divara vurulurdu. Biz kimlərin adlarının çıxacağını böyük intizarla gözləyirdik. O vaxt bütün institutda cəmi 33 nəfər oxuyurdu. 22 nəfər də biz daxil olduq. Nəticədə cəmi 55 nəfər tələbə oldu. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov bizi öz kursuna qəbul etdi. Bizimlə imtahan verənlərdən demək olar ki, heç kimi tanımırdım. Qəbul olunandan sonra yavaş-yavaş bir-birimizi tanımağa başladıq. O cümlədən də Həsən Məmmədovu tanıdıq". H.Məmmədovun bəxti onda gətirmişdi ki, sonradan Azırtbaycan teatr və kino sənətinin tanınmış və sevilən simalarına çevriləcək Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Tofiq İsmayılov kimi gənclərlə birlikdə təhsil alırdı: "Eldəniz Zeynalov bizimlə imtahan verməmişdi, yuxarı kursda oxuyurdu. Arada hansısa şuluqluğu üzündən, yuxarı kurs əvəzinə bizimlə bərabər qurtardı. Eldəniz Zeynalov, Həsən Məmmədov və mənim təyinatımı Akademik Dram Teatrına verdilər".     


Xəbərə aid fotolar