Deputat: İctimai nəqliyyatda qiymət dəyişikliyi iqtisadi zərurətdən irəli gəlir


Digərləri 01 Avq 2018 16:57:00 265 0

Deputat: İctimai nəqliyyatda qiymət dəyişikliyi iqtisadi zərurətdən irəli gəlir

Hər bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir.

Bakı. Elçin Mehdiyev - Hər bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir. Qloballaşan dünyada iqtisadi münasibətlər bu və ya digər formada qarşılıqlı inteqrasiya etmiş olur və belə olduqda milli iqtisadiyyat kimi səciyyələndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal iqtisadi proselərdən asılı vəziyyətə düşür. Bu, hazırki beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. H.Babaoğlu qeyd edib ki, Azərbaycan iqtisadiyyatı da hazırki inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasdadır və onun idarə olunması da çevik və effektiv idarəetmə tələb edir: “Məsələn, nəqliyyat sektorunda hansısa məslələrin, yükdaşımaların yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını da tələb edir. Yəni əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını, yaxud hətta onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə, mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnalogiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq milli sektora da təsir edir. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyytlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiac yaranıb və Tarif Şurası da bunu edib”. Deputatın sözlərinə görə, əslində hamıya bəlli faktdır ki, Azərbaycan dövləti daima sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir: “Bunun nəticəsidir ki , hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı olanıdır. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil. Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik”. Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin