Pirat dərsliklər çap edən dəstə ifşa olundu


Digərləri 01 Avq 2018 15:45:00 295 0

Pirat dərsliklər çap edən dəstə ifşa olundu

Dövlət İmtahan Mərkəzindən daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa edilib.

Son.az Baş Prokurorluğun, DİN-nin və Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir ki, başlanmış cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən DİM-nin "Abituriyent" jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycan Respublikasının gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbərə aid fotolar