Alkoqollu içkilərin istehsalı ilə məşğul olan istehsal obyektlərində aksiznəzarət postları yaradılır


Digərləri 01 Avq 2018 15:05:00 310 0

Alkoqollu içkilərin istehsalı ilə məşğul olan istehsal obyektlərində aksiznəzarət postları yaradılır

Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən "Fidan" istehsalat müəssisəsində, həmçinin paytaxtda və regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi nəzarəti tədbirləri keçirilib. Yoxlamalar zamanı "Qradus 40" MMC-nin istehsal obyektində 136.624 ədəd, "Fidan" istehsalat müəssisəsində 247.826 ədəd, topdansatış obyektlərində və anbarlarda isə 342.721 ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib. Bununla yanaşı, aparılmış nəzarət tədbirləri zamanı "Fidan" istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib. Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və "qara mühasibatlıq" sənədləri götürülüb.

Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır.

Aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır.

Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib.